Heydər Əliyev Mərkəzinin yanması hansı sualları ortaya çıxardı?
23 İyul 2012 Bazar Ertəsi 09:43
Yaxud müstəqil Azərbaycanın simvolu sayılan bu mərkəzdə baş verən hadisəyə bir neçə cəhətdən baxış.
Heydər Əliyev Mərkəzində baş verən yanğın ortaya bir neçə maraqlı sual qoydu. Müstəqil ekspertlər Azərbaycanın ən yeni tarixinin, prezident İlham Əliyevin təbirincə desək, müstəqil Azərbaycanın simvolu sayılan bu mərkəzdə baş verən hadisəyə bir neçə cəhətdən yanaşırlar.

Heydər Əliyev Mərkəzi dövlət əhəmiyyətli binadır

Birincisi, Mərkəz 2007-ci ildən inşa edilməyə başlamış və istifadəyə verilmə müddətinə görə ən uzun vaxt aparan dövlət əhəmiyətli inşaat kompleksidir. 2012-ci ildə rəsmən açılan Mərkəz Heydər Əliyevin adını daşıyır və bu qəbildən olan binalar arasında ən möhtəşəmidir. Heydər Əliyevin adını daşıyan bu binanın dövlət üçün nə qədər dəyərli olduğu barədə danışmaq artıq olardı.

Heydər Əliyev Mərkəzi nadir memarlıq nümunəsidir

İkincisi, Azərbaycanın müasir tarixinin parlaq nümunəsi olan bu bina, həm də müstəqillik dövrümüzün nadir memarlıq nümunəsidir. Prezident İlham Əliyev bu bina haqqında danışarkən, onu müstəqil Azərbaycanın simvolu kimi səciyyələndirmişdir. Təsadüfi deyil ki, binanın memarı dünyanın ən məşhur və nüfuzlu arxitektorlarından biri sayılan Zaha Hadiddir. Hazırda Britaniyada yaşayan ərəbəsilli xanım Zaha Hadid Honkonqda “Peak Klub” və Uelsdə “Cardiff by Opera House”nin memarıdır. 2002-ci ildə Hadid Sinqapurun baş planını dəyişmək üçün beynəlxalq layihənin qalibi olub.

Mərkəz Azərbaycanın ən bahalı binalarındandır

Və nəhayət, onun son işlərindən olan Heydər Əliyev Mərkəzi Azərbaycanın ən bahalı layhilələrindəndir və tikiliyə 251,1 milyon manat vəsait ayrıldığı bildirilir.
Dövlətin mərkəzə ilk gündən xüsusi diqqətini təsdiqləyən daha bir detal barədə...

Mərkəzin tikintisinə, onun istifadəyə verilməsinə nəzarət Dövlət Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənova həvalə edilmişdi. Dövlət başçısı burada gedən işlərlə vaxtaşırı tanış olurdu. Sadaladığımız məlumatları isə ona gətiririk ki, dövlət, tarix və büdcə baxımından çox dəyərlidir. Heydər Əliyev adına Mərkəzin mühafizəsi yəqin ki, ən ciddi şəkildə təşkil edilməli idi.

Mərkəzdə təhlükəsizlik texnikasına riayət olunmayıb

Bu tipli binalarda təhlükəsizilk sistemlərinin son nəsli quraşdırlmalıdır. Məsələn, bu yaxınlarda İstanbuladakı “Polad Tower”in ofis binasının üst qatında da oxşar yanğın faktı qeydə alınmışdır. Amma yanğın söndürənlərə qədər binadakı ağıllı yanğınsöndürmə sistemi işə düşmüş və yanğını söndürmüşdür.

Maraqlıdır, Heydər Əliyev Mərkəzində belə bir sistem quruşdırılıbmı? Hadisə zamanı əməkdaşlarımız mərkəzin içərisinə buraxılmadığından bu suala nə müsbət, nə də mənfi cavab verə bilirik. Digər tərəfdən, müxtəlif vaxtlarda binanın içində olmuş şəxslər bildirir ki, mərkəzdə istiyə, tüstüyə və qoxuya həssas göstərici cihazları var və yanğının başlanğıcında onlar dərhal reaksiya verməli idilər.

Burada quraşdırılmış kameraların da davranışı araşdırılmalıdır. Bəlkə onlar heç ümumi fəaliyyət sisteminə qoşulmayıbmış? Bütün hallarda, faktı araşdıran komissiyanın işi çox olacaq. Çünki, əsas izlər yanıb sıradan çıxa bilərdi. Hər halda, Azərbaycanın inkişaf rəmzi olan bir binanın, böyük əziyyətlər bahasına başa gəlmiş möhtəşəm bir memarlıq nümunəsinin ilkin versiyaya görə, ən sadə təhlükəsizlik texnikası normalarının yerinə yetirilməməsi səbəbindən bu kökə düşməsi adamı ağrıdır.

FHN yüksək peşəkarlıq nümayiş etdirdi

Əlbəttə, Fövqəladə Hallar Nazirliyinin operativ və keyfiyyətli işi olmasaydı, yanğının daha riskli fəsadları ola bilərdi. Ümumiyyətlə, bu qurum hadisə zamanı soyuqqanlı və peşəkar davranışı ilə seçildi. Həm yanğını tez bir zamanda söndürdü, həm ikinci dəfə baş verən alov dalğasının qarşısını aldı, həm də mətbuata açıqlama verdi.





DOSTLARINLA PAYLAŞ:

oyunlar