Hesablama Palatası gələn ilin büdcəsini müzakirə edib
12 Noyabr 2011 Şənbə 19:23
Palata “2012-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisə müzakirəyə göndərib.
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Palatanın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə Hesablama Palatasının Rəyi“ müzakirə olunub və rəyin qanunvericiliyə uyğun olaraq Milli Məclisdə müzakirəyə tövsiyə olunması barədə qərar qəbul edilib.

Kollegiya iclasında “Sabunçu rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğunun, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin auditləri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiq olunub, qəbul olunmuş qərarlar barədə Milli Məclisə məlumatın verilməsi qərara alınıb.

İclasda dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Mənzil və kommunal təsərrüfatı” bölməsinin “Mənzil təsərrüfatı” köməkçi bölməsi üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan şəhər 5 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin, habelə digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinə dair Audit Proqramı təsdiq olunub, həmçinin, 2011-ci il üzrə Hesablama Palatasının Kollegiya iclaslarında qəbul edilmiş qərarların icra vəziyyətləri barədə də fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar