Hərbi Komissarlıq sistemində aparılan islahatlar
12 Mart 2010 Cümə 14:20
Azərbaycan Respublika Hərbi Komissarlığında və hərbi xidmətə çağırış sistemində islahatlar Silahlı Qüvvələrin NATO standartlarına keçidi prosesi çərçivəsində, əvvəlcədən planlaşdırılmış qaydada aparılır.
Bu barədə APA-ya açıqlamasında respublikanın sabiq hərbi komissarı Əliağa Hüseynov bildirib.
Ə. Hüseynov hərbi komissar vəzifəsindən azad olunandan sonra ona yaxın şəxslərin Hərbi Komissarlıq sistemində işdən azad olunması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: «Bu gün Müdafiə Nazirliyinin digər strukturlarında və Hərbi Komissarlıqda strukturlar NATO standartlarına uyğunlaşdırılır. Ona görə də deyilənlər boş söhbətlərdir. İşləyə bilən, işini bacaran hərbi komissarlar yerlərində saxlanılır. İşini bilməyənlər isə günün tələbinə cavab vermir deyə, təbii ki, vəzifələrindən azad olunurlar».
Keçmiş hərbi komissarın sözlərinə görə, ixtisarlar NATO standartlarına keçidlə bağlıdır və əvvəlcədən planlaşdırılıb. Analoji proseslər NATO standartlarına keçən digər postsovet ölkələrində də baş verib.
Ə. Hüseynov müdafiə naziri ilə aralarında heç bir soyuqluğun olmadığını da bəyan edib: “Nazirimizlə zəngləşir, yanına gedirəm, lazım olanda mən ondan məsləhət alıram, lazım olanda özü mənə tapşırıqlar verir. İnsanlardı da, danışırlar”. APA
DOSTLARINLA PAYLAŞ: