Hərbi hissələrdəki cinayətlər peşəkarlıqla araşdırılacaq
30 Oktyabr 2010 Şənbə 13:00
Xanlar Vəliyev: "İndiyədək bunun komandirlərə tapşırılması bəzi hallarda qeyri-obyektivliklə nəticələnib".
"Azərbaycanda hərbi hissələrdə baş vermiş cinayətlərin təhqiqat işlərinin aparılmasının peşəkar hüquqşünaslara həvalə olunması həmin cinayətlərin tezliklə, peşəkarlıqla araşdırılması ilə nəticələnəcək". Bunu hərbi prokuror Xanlar Vəliyev bildirib.

O bildirib ki, indiyə qədər hərbi cinayətlərə görə təhqiqat işlərini hərbi hissə komandirləri aparıb, onlar isə ixtisasca hüquqşünas deyillər. Bu isə hərbi cinayətlərin bəzi hallarda obyektiv araşdırılmamasına gətirib çıxarıb.

Xanlar Vəliyevin sözlərinə görə, yeni yaradılacaq təhqiqat orqanı müəyyən cinayətlər üzrə daxil olan məlumatlar əsasında araşdırma aparacaq və 10 gün ərzində materialları prokurorluğa təqdim edəcək.

Qeyd edək ki, Milli Məclis bir neçə gün öncə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında” qanun qəbul edib. Əvvəlki qanunvericiliyə görə, indiyə qədər hərbi hissələrdə bu və ya digər hüquq pozuntusuna, hərbi cinayətlərə görə təhqiqat və istintaq işlərini hərbi hissə komandirləri aparıblar. Yeni dəyişikliklərə görə, hərbi hissələrdə təhqiqat, istintaq işlərini həmin hərbi hissələrin ərazisində yerləşəcək və peşəkar hüquqşünaslardan ibarət olacaq 5 regional qurum aparacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar