Hərbi hissədəki faciəni törədənlərin meyitləri ailələrinə təhvil verilib
30 Yanvar 2010 Şənbə 02:45
Onlardan biri-Elxan Əzizov bu gün İsmayıllıda dəfn ediləcək
Daşkəsən rayonunun Xoşbulaq ərazisində yerləşən N saylı hərbi hissədə hərbçiləri güllələdiyi və sonradan özlərini öldürdükləri iddia edilən hərbi qulluqçuların meyidləri artıq ailələrinə təhvil verilib. Bu barədə ANS-ə hərbi qulluqçulardan biri Elxan Əzizovun əmisi Tofiq Əzizov məlumat verib. Onun sözlərinə görə, Elxanın bu gün İsmayıllı rayonunda torpağa tapşırılacağı gözlənilir.
Qeyd edək ki, qanlı insidentə adları hallandırılan hərbçilərdən hər ikisi Bakı şəhərindən hərbi xidmətə çağırılan əsgərlər Elxan Əzizov və Sadiq Məmmədovdur . Müdafiə Nazirliyinin yaydığı məlumata görə, onların avtomat silahdan açdıqları atəş nəticəsində 4 hərbi qulluqçu ölüb, ikisi isə yaralanıb. Sonra isə həmin əsgərlər özlərini öldürüblər. Bununla da ölən hərbçilərin sayı 6-ya çatıb. Hadisə zamanı güllə yarası alan mayor Valeh Babayev və hərbi qulluqçu Samir Abbasov isə gəncədəki hərbi hospitala yerləşdiriliblər. Hələlik hadisənin səbəbləri tam bəlli deyil. Faktla əlaqədar cinayət işi qaldırılıb, Hərbi prokurorluğun əməliyyat-istintaq qrupu hadisə yerində araşdırma aparır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: