Həqiqət haqqında yalan
23 Mart 2014 Bazar 19:05
Bu Rusiyanın “Svoya pravda"sıdır. Bəs Azərbaycan öz həqiqətini, haqqını niyə göstərmir?
Rusiya rəhbərliyinin Ukraynada əldə etdiyi nəticədən sonra yeni yüksəkliklər uğrunda mübarizəyə başladığı barədə ekspert rəylərinin getdikcə artması üçün daha bir səbəb bu gün qeydə alınıb. “Rossiya-1” kanalında “Svoya pravda” adlı filmin məhz bu gün Rusiyada imperiya əhval ruhiyyəsinin gücləndiyi bir vaxtda nümayiş etdirilməsi Moskvanın uzaq mənzilli niyyətlərindən xəbər verə bilər. Vurğulayaq ki, bu film ilk dəfə Rusiya auditoriyası üçün 3 il əvvəl nümayiş etdirilmişdi. O zaman ANS bu filmin zərərli məqsəd və məzmunu barədə xüsusi reortaj təqdim etdi. Amma təəssüf ki ANS-in həyəcanına heç kim şərik olmadı. Bu gün həmin filmin nümayişi bizi yenidən “Svoya pravda” filminə həsr edilmiş, 3 il əvvəl Hesabat verilişində efirə verilmiş şərhə qaytarır. Təzə heç nə demirik. Buyurun baxın.
Moskva elə bilir ki, Bakı da göz yaşlarına inanmır... Həqiqət haqqında yalan
05.06.2011
“Svoya pravda” - yəni “Özünün həqiqəti” bədii filmdir.
Rusiya istehsalıdır. Film Sovet İttifaqının sonunun başlandığı dövrləri əhatə edir. Kirovun sovet dövrünün dili ilə desək əzəmətli, indiki təbircə desək yekəpər heykəlinin ayağı altında qalan Bakıda baş verən dramatik hadisələr barədədir. Yaradıcı heyət Bakının rus və erməni sakinlərinin 90-cı illərdə üzləşdiyi problemləri də əhatə edir. Yəqin təxmin etdiniz: Sovet İttifaqı dağılır, bu isə heç şübhəsiz ki, respublikada bəzi qaydaları dəyişir. Film ucqar Azərbaycan kəndindən olan bir rus qadının taleyi üzərində qurulub. Onun Bakıya gəlişi, təhsili, ilk sevgisi, üzləşdiyi şəxsi, sosial problemlər, bir sözlə həyatda özünü tapmaq üçün göstərdiyi cəhdlər...
Filmin yaradıcı heyəti 90-cı illərin Azərbaycan həqiqətini ruscaya - “Svoya pravda” kimi çevirir…
Əlbəttə yaradıcılıqda bədii təxəyyül deyilən nəsə də var, fantaziya da ola bilər… Amma indiki halda söhbət hansısa primitiv məzmun daşıyan, sadə tamaşaçıya hesablanmış adi melodramadan və ya savaş filmindən, filandan getmir… Burada biz Azərbaycan xalqının milli azadlıq hərəkatına aid olan hadisələrin təhrif olunduğunun şahidi oluruq. Və ən pis də budur ki, filmi Qarabağ probleminin həllində tərəfsiz vasitəçi rolunda çıxış etməli olan bir ölkə - Rusiya çəkib. Rusiya-həm də Sovet İttifaqının varisi. Söhbət 90-cı illərdən getsə də biz burada Bakıya qoşun yeridilməsinin məşhur kadrlarını, kənd və şəhərlərimizin işğalı, talanması faktlarını, rusların Azərbaycanda rastlaşdığı qayğını görmürük. Vəziyyətin gərginləşməsi filmin qəhrəmanı olan bu qadının Bakıda orta məktəbdə müəllimə işlədiyi dövrə təsadüf edir. Onun rəhbər olduğu sinifdə uşaqların əlbəyaxa davası düşür. Döyənlər azərbaycanlılar, döyülənlər ruslar və ermənilərdir. Və nəhayət dalaşan tərəfləri ayırmaq üçün dəvət olunan şəxs ermənidir. Onun sonda verəcəyi suala da qulaq asın.
Eşitdiniz də... "Ermənilər sizə nə pislik ediblər axı?"
Filmdə azərbaycanlılar və ermənilər tam fərqli rakursda təqdim olunurlar. Qonşu ruslara erməni konyakı və dolma qonaqlığı verən hər xitabın sonuna bir “can” kəlməsi artıran ermənilər belə görünür:
Rus qadınını təhqir və fiziki təzyiqlərə məruz qoyan azərbaycanlılar isə belə təqdim olunur:
Bu hələ hamısı deyil. Küçə xuliqanlarının əlindən zorla qaçıb qurtaran qadın evinə gələndə artıq ailəlikcə öldürülmüş qonşusunun meyidinə rast gəlir. Və bu meyid də…əlbəttə ki, ermənidir…
Doğrudur, filmdə azərbaycanlı obrazını xilas etmək, onun vəhşiliyini müəyyən qədər əhliləşdirmək üçün də hansısa zəif təşəbbüslər var. Məsələn, onun sonuncu sevgilisi və ya aşnası, yəni digər baş qəhrəman azərbaycanlıdır. Mühafizəkar şərq ailə qaydalarına meydan oxuyaraq sonadək bu qadını sevən azərbaycanlı ona öz köməyini əsirgəmir. Məsələn, hərbi xidmətdə yalnız rus olduğuna görə mütəmadi döyüldüyündən ordudan qaçmağa məcbur olmuş rus gəncin həbsdən buraxılmasına kömək edir…
Amma bu priem da azərbaycanlı xaraketininin neqativ tərəfini açımağa hesablanıb. Yəni döyülən rus gəncidir. Onu Azərbaycan ordusunda döyürlər və onu məhz rus olduğu üçün döyürlər… Təxminən 3 saaat 18 dəqiqə çəkən filmdə mən rejissor, aktyor işi, xüsusilə azərbaycanlı obrazlarını canlandıran artistlərin süni oyunu barədə danışmaq istəmirəm. Həm artıq şeydir, həm də əskik… Filmin bu il may ayının 1-də, sülh və əmək bayarmında, keçmiş həmrəylik günündə dövlət kanalı olan “Rossiya” da efirə çıxmasının də rəmzi mənası olmamış deyil. Yəqin Rusiyanın dövlət kanalı həmrəyliyi belə görür. Əgər Rusiya Qarabağ probleminin həlli yolunu da belə görəcəksə, heç nə…
Biz isə susuruq.
Axı heç olmazsa bu çox uzun filmin hansısa fraqmentlərinin ixtisara salınmasını tələb etmək, bəlkə hətta bu istiqamətdə nəyəsə nail olmaq olardı? Azərbaycanın Xarici İşlər Nazirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi hara baxır? Və ya bu filmə niyə baxmır? Bu Rusiyanın “Svoya pravadasıdır” Bəs Azərbaycan öz həqiqətini, haqqını niyə göstərmir?
DOSTLARINLA PAYLAŞ: