Həmsədrlərin səfəri durğunluğun göstəricisidirmi?
04 Sentyabr 2010 Şənbə 22:25
Vasitəçilər bu dəfə Qarabağ münaqişəsini müzakirə etməyəcək.
Təmas xəttində vəziyyətin gərginləşdiyi bir vaxtda ATƏT-in Minsk qrupunun amerikalı, rusiyalı və fransalı həmsədrlərinin regiona səfəri başlayır. Onlar Bakıdakı görüşlərdən sonra sentyabrın 8-də cəbhənin şimal-qərb hissəsində müşahidələr aparacaq. Daha sonra diplomatlar Azərbaycan Ordusunun nəzarət etdiyi ərazilərdən işğal altındakı ərazilərə keçib Xankəndinə yollanacaqlar. Həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik də müşayiət edəcək.
Minsk qrupunun həmsədrləri Bernard Fasye, İqor Popov və Robert Bradtke 2 aylıq fasilədən sonra sentyabrın 6-da Bakıya səfər edəcəklər. Fransalı həmsədr Bernard Fasyenin sözlərinə görə, rəsmi şəxslərlə görüş səfərin ertəsi gününə planlaşdırılıb. Səfər çərçivəsində həmsədrlər sentyabrın 8-də Xankəndində, 9-da isə İrəvanda olacaqlar. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Sankt-Peterburqda səslənən təkliflərin yaratdığı fasilənin ATƏT-nin Minsk qrupu həmsədrlərinin bu səfəri ilə zahirən aradan qalxacağı görünsə də, səfərin məqsədi əslində durğunluğun hələ də qaldığı qənaətini doğrurur. Belə ki, həmsədrlər bu səfərdə əvvəlki gəlişlərindən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqların vəziyyəti ilə yox, faktaraşdırıcı missiyanın işğal altında olan Azərbaycan torpaqlarına səfərinin təşkilinə dair detalları razılaşdırmaqla məşğul olacaqlar. Bu da ötən ilin yayından bu ilin yazına qədər danışıqlarda müşahidə olunan intensivliyin Sankt-Peterburqdan sonra tərəflərin orta mövqeyə gələ bilməməsi ilə əlaqadər dayandığını göstərir. Həm həmsədrlərin regiona səfərlərinin nəzərə çarpacaq dərəcədə mütəmadiliyi, həm də xarici işlər nazirləri və prezidentlər səviyyəsində danışıqların intensivliyi və ondan sonra yaranan pauza ilə xarakterizə olunan bu cür vəziyyət Rambue danışıqları zamanı da yaranmışdı ki, tilsimi kifayət qədər uzun müddətdən sonra Madrid görüşü və burada irəli sürülən prinsiplər qırmışdı. Sonradan yenilənmiş şəkildə formula edilən Madrid prinsipləri və onun ətrafında aparılan müzakirlər münaqişənin həllində nəticəyə yaxınlıq effektini yaratsa da, həmsədr dövlət olan Rusiyanın təşəbbüsü əlinə alaraq Sankt-Peterburqda ortaya qoyduğu təkliflər danışıqları yenidən dalana dirədi. Bu təkliflərlə Madrid prinsiplərinin arxa plana keçməsi və Ermənistanın inadakarlığı danışıqlar prosesində, eləcə də buna müvafiq həmsədrlərin fəaliyyətində durğunluq və çıxılmazlıq yaradıb ki, bu elə onların iştirakı ilə Almatıda baş tutan xarici işlər nazirlərinin son görüşünün nəticəsizliyində də özünü göstərdi.
Azərbaycanın qəbul etmədiyi və Minsk qrupunun formatından kənar adlandırdığı Sankt-Peterburq təklifləri ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində verdikləri birgə bəyanatı da kölgədə qoydu. Elə Bakını "su yolu"na çevirən həmsədrlərin sonuncu səfəri də iyulun 3-də olub. Həmsədrlərin liderlər səviyyəsində səsləndirdikləri bəyanatlar arasında 1 illik fasiləni, eləcə də onların 2 ay əvvəl verilmiş son açıqlamalarını və Madrid pirsiplərindən bəhs edilməməsini də nəzərə alsaq, artıq onların münaqişənin çözülməsi ilə bağlı işlərinin bitdiyi təəssüratı yaranır. Çünki münaqişə tərəfləri arasında uzlaşmanın mövcud olmadığı bir vaxtda faktaraşıdırcı missiya məsələsindən daha önəmli danışıqları axarına qaytarmaqdır. Amma reallıq bundan ibarətdir ki, Rusiya Ermənistanla hərbi saziş imzalamaqla ona təhlükəsizlik təminatı verib, ABŞ və Fransa isə bununla bağlı öz etirazını bildirməyib. Ümumiyyətlə rəsmi Vaşinqton və Paris danışıqlar prosesindən kənarlaşmış kimi görünür və bu vəziyyətdə bütün diqqət Rusiyanın fəaliyyətinə yönəlir. Rəsmi Moskvanın Sankt-Peterburqda irəli sürdüyü son təklif isə əfsuslar ki, danışıqlar prosesinə xələl gətirir. Rusiya prezidenti Dmitri Medvedev isə Bakıda Qarabağ mövzusunda danışıqlar prosesinin intensivliyinin azalmasının yolverilməz olduğunu deməklə kifayətləndi. Bu isə Rusiyanın münaqişənin həllindəki indiki status-kvonun qorunub saxlanmasında maraqlı olduğu təəsüratını yaradır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: