Həmsədrlərin hesabatı sadəcə kağız parçasıdır?
04 Noyabr 2011 Cümə 21:34
Politoloq: "Onlar nəsə etdiklərini göstərmək üçün bunu etməlidir".
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə bəyanatla çıxış edib. Onlar illik fəaliyyətlərinə dair məruzələrini təşkilatın Daimi Şurasına təqdim edib. Hesabatda həmsədrlərin bu ayın sonunda yenidən regiona səfər edəcəkləri də vurğulanıb. Artıq sənədə rəsmi Bakının reaksiyası da var.
Politoloq Rasim Musabəyov həmsədrlərin bu hesabatının sadəcə formal bir sənəd olduğunu deyir. Onun sözlərinə görə, bu sadəcə formal bir hesabatdır: “Onlar da nəsə etdiklərini göstərmək üçün bunu etməlidir”.
Rasim Musabəyov ötən bir il ərzində həmsədrlərin müəyyən səylər göstərdiyini desə də, bu müddətdə heç bir irəliləyiş olmadığını bildirib. Politoloq hesab edir ki, 2012-ci ilin ilk yarısında Dağlıq Qarabağla bağlı danışıqlarda əhəmiyyətli bir irəliləyiş gözləmək yersizdir: “Çünki 2012-ci ildə Ermənistanda parlament seçkiləridir. Həm Fransada seçkidir, həm Rusiyada, həm də Amerikada. Ona görə, 2012-ci ilin ilk yarısında irəliləyiş gözləmirəm”.
Azərbaycan Xarici İşlər Nazirliyi isə həmsədrlərin bu hesabatında “status-kvo”nun dəyişdirilməsi ilə bağlı məqamın vurğulanmasının Ermənistana bir mesaj olduğunu bəyan edir. “Bizim əsas fikrimiz ondan ibarətdir ki, Ermənistan “status-kvo”nun saxlanmasında maraqlı olan dövlətdır və buna görə də ATƏT Ermənistana təpki göstərməlidir”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Xatırladaq ki, ötən ilin noyabrından bəri ATƏT-in Minsk qrupunun həmsədrləri regiona 8 səfər edib. Bu səfərlər zamanı onlar Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda 14 görüş keçirib. Bütün bu səfərlərin yekunu olaraq həmsədrlər mütəmadi olaraq bəyanatlarla çıxış edib. Həmsədrlərin buna qədər son bəyanatı isə sentyabrın sonunda olmuşdu.
DOSTLARINLA PAYLAŞ: