Həmsədrlər Fariz Bədəlovun ailəsinə baş çəkiblər
13 Aprel 2011 Çərşənbə 15:36
Onlar 9 yaşlı azərbaycanlının vurulduğu yerə baxış keçiriblər
Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasie (Fransa), Robert Bradke (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) erməni snayperinin qətlə yetirdiyi 9 yaşlı Fariz Bədəlovun ölümü ilə bağlı araşdırmaları davam etdirmək üçün Ağdamın Orta Qərvənd kəndinə yollanaraq, mərhumun ailəsi ilə görüş keçiriblər. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, Farizin ailə üzvləri ilə söhbət edən həmsədrlər onun vurulduğu yerə də baxış keçiriblər.
Məlumata görə, daha sonra geri qayıdıblar. Hazırda onlar Tərtər rayonu ərazisindədirlər. Hələlik həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təmas xətti boyunca araşdırmaları davam edir.
Qeyd edək ki, jurnalistlərin kəndə daxil olmasına və çəkiliş aparmasına icazə verilməyib.
DOSTLARINLA PAYLAŞ: