Helikopteri İQLA zenit raket kompleksi ilə vurduq
14 Noyabr 2014 Cümə 12:14
Düşmənin Mi-24 tipli döyüş helikopteri İQLA daşınan zenit raket kompleksi ilə məhv edilib.
Noyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş 13 ölkənin hərbi attaşesinin iştirakı ilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyin Mahmudov və Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində düşmən helikopterinin vurulması ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Bildirilib ki, Azərbaycan tərəfinin dəfələrlə Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğunu, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcəyi və hava sərhədlərimizi pozanlara qarşı Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum ediblər.

Hərbi qulluqçularımızın sayıqlıq və igidliyi nəticəsində düşmənin Mi-24 tipli döyüş helikopteri "İQLA" daşınan zenit raket kompleksi ilə məhv edilib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Muradov İlkin Məmməd oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Eyni zamanda vurğulanıb ki, helikopterin həlak olan ekipajı heç də qondarma Dağlıq Qarabağın deyil, Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularıdır.

Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar