Həcc ziyarətində olar-olmazlar
07 Noyabr 2010 Bazar 10:55
"Karvan" oxucu suallarını cavablandırır. Həcc ziyarətində olar-olmazlar.
-Həcc ziyarəti zamanı ehram nə məqsədlə bağlanılır?
-Həcc zamanı qadınlar xüsusi geyimdən istifadə etmirlər. Onlar adi hicab və çadralardan geyinib Həcc əməllərini yerinə yetirirlər. O ki qaldı ehramın hansı məqsədlə bağlanmasına, bunun ən başlıca səbəbi zəvvarlar arasında vəzifə, maddi durum və bu kimi fərqlərin qarşısını almaqdır. Həcc mərasimində milli mənsubiyyətindən və ictimai mövqeyindən asılı olmayaraq hamı eyni əməli yerinə yetirir və heç bir ayrı-seçkiliyə yol verilmir.

-Mədinə şəhərində olduğumuz zaman qadınlara Məsum imamların qəbirləri yerləşən Bəqi qəbiristanlığına getməsinə qadağa qoyuldu. Məgər dinimizə görə, qadınların qəbirləri ziyarət etmələri haramdır?
-Salam. Xeyr, cinsindən asılı olmayaraq hər bir müsəlmanın qəbirləri ziyarət etməsi bəyənilən əməllərdəndir. Amma təəssüflər olsun ki, Səudiyyə Ərəbistanı rejiminə qulluq edən vəhhabilər bir çox ziyarətlərin qarşısını aldıqları kimi, bunu da yasaq etmişlər.

-Həcc ziyarətində olan şəxslər yeddi nəfərə bir dəvə və ya inəyi qurban kəsə bilərlər. Burada necə, bu işi görmək olarmı?
-Həcc ziyarətində olmayan şəxslərə qurban kəsmək vacib olmasa da, yoxsullara əl tutmaq və xeyriyyəçilik etmək məqsədilə yeddi nəfərə bir dəvə və ya bir dana kəsmək olar. Allah qəbul etsin!

-Kəbənin evinin içində namaz qılmaq olar? Əgər olarsa, bu halda üzü hansı səmtə çevirmək lazımdır?
-Bəli, qılmaq olar. Amma milyonlarla zəvvarın iştirak etdiyi bir yerdə bu hal sadəcə, qeyri-mümkündür. O ki qaldı üzü hansı səmtə çevirməyə, namaz qılan şəxs üzünü istədiyi səmtə çevirə bilər.

- Həcc ziyarətindən qayıdan şəxslərə "Hacı" demək vacibdir?
-Xeyr, vacib deyil, sadəcə olaraq, hörmət və ehtiram nöqteyi-nəzərindən deyilsə, yaxşı olar.

-Borcu olan şəxs Həcc ziyarətinə gedə bilərmi? Ümumiyyətlə, Həccə gedən şəxs əvvəlcədən hansı tədbirləri görməlidir?
-Bəli, borcu olan şəxs həcc ziyarətinə gedə bilər. Amma yaxşı olar ki, əvvəlcədən borc sahiblərindən, ümumiyyətlə, tanıdıqları şəxslərdən halallıq alsın və pulunun xümsünü çıxarıb sonra Həcc ziyarətinə getsin.

-Borc alaraq Həccə getmək olarmı?
-O baxır borc alan şəxsin maddi durumunun ümumi vəziyyətinə. Əgər özünün və ailəsinin təminatını çətinliklə ödəyirsə, bu halda borc alaraq Həccə gedə bilməz. Yox əgər qayıtdıqdan sonra borcunu asanlıqla verə biləcəyinə əmin olarsa, bu halda borc alaraq ziyarətə gedə bilər.

-Deyirlər, dul və ərə getməyən qadınlar Həcc ziyarətinə gedə bilməzlər. Bu, nə dərəcədə doğrudur?
-Bu fikrin heç bir əsası yoxdur. Qadın, ailə vəziyyətindən asılı olmayaraq, Həcc ziyarətini yerinə yetirə bilər.

-Əgər qadınlarla kişilər bir yerdə namaz qıla bilməzlərsə, onda Həcc ziyarətində nə üçün qadınlarla kişilər bir yerdə namaz qılırlar?
-Həcc ziyarətində adətən qadınlar arxada kişilər isə qabaqda namaz qılırlar. Lakin bu heç də hər zaman belə olmur. Məsələ ilə tanış olanlar buna riayət edirlər. Tanış olmayanlar isə bir çox hallarda namazlarını kişilərin cərgəsində qılırlar. Lakin bu onların namazlarının batil olmasına səbəb olmur.

-Nə üçün Həcc ziyarəti zamanı zəvvarları Kəbənin içinə buraxmırlar?
-Diqqətinizə çatdırmaq istəyirəm ki, Həcc ziyarəti zamanı Kəbə evinin içində namaz qılmaq ziyarətin əməllərindən biri deyil. Digər tərəfdən isə əgər orada namaz qılınmağa icazə verilərsə, bu hamının arzusu olacaq bu isə beş milyondan artıq zəvvarın istəyinin yerinə yetirilməsini qeyri-mümkün hala çevirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar