Hacı Muradın qəbrinə dair yeni iddialar var
07 İyul 2012 Şənbə 23:27
Şimali Qafqaz xalqlarının liderlərindən birinin Sankt Peterburqda muzeydə saxlanılan başı vətənə qaytarılmalıdır.
Şimali Qafqaz xalqlarının liderlərindən biri, Lev Tolstoyun Hacı Murad əsərinin baş qəhrəmanı Hacı Muradın 1959-cu ildən Sankt Peterburqda muzeydə saxlanılan başı vətənə - onun bədəninin basdırıldığı yerə qaytarılmalıdır. Bunu Rusiyalı qafqazşünas alim vacib sayır.

Qax rayonunun Tanqit kəndində dəfn olunan Tolstoyun eyni adlı povestinin baş qəhrəmanı Hacı Muradın başı - onun bədəninin torpağa tapşırıldığı yerə gətirilməlidir. Bu fikirləri Şəki-Zakatala bölgəsində olan rusiyalı qafqazşünas alim Rudolf Nikalayeviç İvanov söyləyib. Bölgəyə səfərinin məqsədinin məhz bu məsələ ilə bağlı olduğunu bildirən alim qeyd edir ki, o, Qax rayonunda Hacı Muradın qəbrini ziyarət edib.

Qeyd edək ki, Hacı Murad Şeyx Şamilin yaxın silahdaşı və avar kəndlərinə təyin etdiyi naibi olub. Lakin Tabasaran döyüşlərindəki məğlubiyyətinə görə, Şamilə münasibətləri pozulub və bundan sonra o rusların tərəfinə keçib. Ruslar tərəfindən Şəki qalasında saxlanılan Hacı Murad silahdaşları ilə saxlandığı qaladan qaçmağa müvəffəq olub.

Lakin Nuxanın Biləcik kəndi ərazisindəki meşəlikdə o vaxtki Nuxa qalasının komendantı, milliyyətcə erməni olan Karqanovun başçılıq etdiyi dəstə tərəfindən mühasirəyə alınıb. 11 saat davam edən döyüşdən sonra 17 güllə yarası ilə öldürülüb. Başı isə kəsilərək, əvvəlcə Şəkiyə, sonra Tiflisə göndərilib, orada bir müddət spirtdə saxlanıldıqdan sonra ölümünün təsdiqi üçün çar I Nikalaya göndərilib. Bədəni isə həlak olduğu yerdə başsız dəfn olunub.

Rudolf Nikalayeviç də 10 il əvvəl müəllifi olduğu Hacı Muradla bağlı kitabında onun öldürülməsində məhz erməni qəsbkarlarının əli olduğunu göstərdiyini deyir. Qafqazşünas alim Hacı Muradın kəlləsinin isə onun hazırda uyuduğu qəbrdə dəfn olunmasına çalışır.

Qax rayon sakini Şahmərdan Əhmədli isə düşünür ki, Rusiya Dumasında Hacı Muradın başının Azərbaycana qaytarılması məsələsi qaldırılsa da, bu öz həllini tapmayıb.

Ş.Əhmədli onu da bildirdi ki, 1959-cu ildə artıq bu kəllə sümük halında Sankt-Peterburq Hərbi Akademiyasının muzeyinə təhvil verilib. 1964-cü ildə akademik Gerasimov onun başını mumyalayarak bərpa edib və bunun əsasında büstü hazırlanıb. Hazırda isə 119 nömrəli eksponat adı altında Etnoqrafiya Muzeyində saxlanılır.





DOSTLARINLA PAYLAŞ:

oyunlar