Hacı Allahşükür Paşazadə Nikola Sarkoziyə müraciət etdi
27 Dekabr 2011 Çərşənbə Axşamı 15:11
"Fransanın Milli Assambleyası son dərəcə təhlükəli bir qərara imza atıb".
Bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə Fransa prezidenti Nikola Sarkoziyə və Fransa Senatının üzvlərinə müraciət edib. Bu barədə məlumatı ANS PRESS-ə QMİ-nin mətbuat katibi Rəhimə Dadaşova verib. Müraciətdə Qafqaz Müsəlmanları İdarəsi bölgə dindarlarının, o cümlədən, Azərbaycan müsəlmanlarının ümumi narahatlığını ifadə edərək bəyan edib:
"Dünya tarixi təkcə inqilablar, müharibələr və elmi-texniki nailiyyətlər məcmusundan ibarət deyildir; təəssüf ki, insanlığın yaddaşında bəşərin ən ləyaqətsiz və ən qanlı vəhşiliklərini ehtiva edən genosidlər tarixi də vardır. Bəzən siyasətin, bəzən də dini radikalizmin təhriki ilə insanlar bir-birlərinə qarşı bağışlanmaz günahlar və cinayətlər ediblər. Xristian postulatlarına aid olan ən məhşur təbir Həzrət İsanın: "Mühakimə etməyin, mühakimə olunarsınız!" buyuruğudur. Təəssüf ki, Avropa mədəniyyətinin mərkəzi, dünya demokratiyasının beşiyi sayılan Fransanın Milli Assambleyası bu günlərdə son dərəcə ziddiyyətli və təhlükəli bir qərara imza atıb. Söhbət erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu istiqamətində atılan addımlardan gedir.
Birmənalı şəkildə bildiririk ki, erməni lobbisinin təhriki ilə Fransa Milli Assambleyasının bir qrup üzvünün səs verdiyi bu qərar sülhün və ədalətin möhkəmlənməsinə yox, tarixin saxtalaşdırılmasına, nifrətin kəskinləşməsinə yönəlmiş təxribatdır".
Qafqaz müsəlmanları bu qərarı təkcə Türkiyə Cümhuriyyətinə qarşı deyil, həm də bütün türk dünyasına, o cümlədən, Azərbaycana qarşı məqsədyönlü fitnəkarlıq kimi qiymətləndiriblər.
Müraciətdə qeyd edəilir ki, "biz 2001-ci ildə Fransa uydurma erməni genosidini rəsmən tanıyarkən də öz qəti etirazımızı bildirmişdik. İndi isə bu, tarixi dəlillərlə isbatlanmayan "soyqırımı" inkar edənlərə qarşı qanunvericilik səviyyəsində jəzanın tətbiqi kimi absurd bir məsələnin müzakirəsini qərəzli təəssübkeşlik kimi dəyərləndiririk.
İlk növbədə, bu qərarın ziddiyyəti onun insan hüquqlarına qarşı anti-demokratik mahiyyətindədir".
Qeyd edilib ki, düşüncə, fikir və ifadə azadlığı əleyhinə yönəldilmiş bu qanun mənəvi diktat vəziyyəti yaradır. Ədalət, demokratiya və ümumbəşəri prinsiplərə uyğun gəlməyən bu qərar böyük fəsadlara və faciələrə yol aça bilər. "Din xadimləri, bu mənəvi təhrikin təhlükəli inkişafını qabaqcadan diqqətinizə çatdırmağı Rəbbimiz və bəşəriyyət qarşısında müqəddəs borjumuz sayırıq. Uca Yaradanımız müqəddəs Qurani-Kərimdə buyurur: "…Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!".
Bu qərarın təhlükəsi onun fəlakətli sonluğundadır, çünki mahiyyəti etibarilə türk-erməni münasibətlərində mübahisə mövzusu olan problem yalnız millətlərarası deyil, dinlərarası zəmində qarşıdurma müstəvisinə keçə, qlobal xristian-müsəlman toqquşmasına çevrilə bilər. Bəşəriyyətin qan yaddaşına münasibətdə də ikili yanaşmaya nümunə ola biləjək anti-türk məzmunlu bu qərar anti-müsəlman təbligatının tərkib hissəsi ola bilər".
Müraciətdə vurğulanıb ki, bu dini təəssübkeşlik faktı milyonlarla insanın, o jümlədən, müsəlmanların Fransa haqqında xoş təsəvvürlərinə zərbə vurur. Belə ki, 1992-ci ilin fevralında Azərbaycan şəhəri olan Xocalıda erməni təjavüzkarları tərəfindən real soyqırım aktı həyata keçirilərkən Fransa parlamenti etiraz səsini ucaldıb. Halbuki ən yeni tarixin bu qanlı faciəsinin canlı şahidləri, tarixi sübutları, vizual dəlilləri belə mövcuddur. "Xocalı soyqırımı öz ədalətli qiymətini bugünədək gözlədiyi halda Fransa parlamentinin belə bir addım atması, dolayısı ilə Ermənistanın işğalçı siyasətinə bəraət qazandırır, yeni genosidlərə, yeni təcavüzkarlıq aktlarına rəvac verir.
Bu qərarın qəbulu Qafqazda həyati önəm kəsb edən sülh yolu ilə nizamlama proseslərinin taleyini də sual altına alır. ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılmış Minsk qrupunun həmsədri olan bir ölkənin bu kimi qərar qəbul etməsi onun beynəlxalq nüfuzuna xələl gətirir, ədalətli mövqeyinə inamımızı qırır. Fransa kimi böyük dövlət dünyada sülhün və sabitliyin bərqərar olması üçün baş verən hadisələrə münasibətdə obyektiv mövqe seçməlidir".
QMİ sədri milyonlarla insanın etirazı nəzərə alınacağına və Fransa dövləti bütün dünyaya həqiqət və ədalət ideallarına sədaqətini, sülhə xidmət niyyətlərini əyani nümayiş etdirəcəyinə ümid etdiyini bildirib. "Bir din xadimi kimi bu növ qərarların acı fəsadlara səbəb olacağını əvvəlcədən duyur, Sizi və Senat üzvlərini bütün dünya dinlərinin təməl prinsiplərinə və ümumbəşəri dəyərlərə söykənərək Haqqın və Ədalətin tərəfində olmağa, müzakirələrə xitam verməyə, qərarı təsdiqləməməyə çağırıram".
DOSTLARINLA PAYLAŞ: