Hacı Allahşükür Paşazadə: Mənim üçün İrəvana getmək çox çətin idi
05 Dekabr 2011 Bazar Ertəsi 15:38
Hacı Allahşükür Paşazadə: Qaregini Naxçıvana dəvət etmək istəyirəm.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ANS TV-nin “Əhatə dairəsi” verilişinə müsahibəsində İrəvana səfərindən danışıb.
Cənab Şeyx, siz ötən həftə İrəvana səfər etdiniz. İlk təəssüratınız nə oldu? Nələri gördünüz, nələri eşitdiniz?
-Mənim üçün ora getmək çətin idi, çox çətin idi. Həm də, bir tərəfdən öz-özümə daxilən deyirdim ki, mən əgər gedirəmsə, əgər həqiqəti deyə bilirəmsə, həqiqəti deməliyəmsə, yerin fərqi yoxdur. Hara olursa-olsun, mən getməliyəm. Əgər getməsəm, həm qorxaqlıq olar, həm də, ikinci şəxslərdən kimsə həmsədr olmalıdır. Orada kimisə seçməliydilər, o, həmsədr olmalıydı. Azərbaycan həqiqətlərini, haqq səsini imkan daxilində həmsədr kimi dünya çapında, YUNESKO-da, BMT-də göstərmək imkanından məhrum olacaqdım.
Düzünü deyim, bilirəm bunu o tərəfdə də, bu tərəfdə də eşidirlər. Amma həqiqəti deməliyəm, orada da demişəm. Mən İrəvanda yenilik görmədim. Yeganə təzə bir bina gördüm. Məni müşayiət edən insan vardı. O, Azərbaycanda sammitdə olmuşdu. Dedim sən Azərbaycanda sammitdə olmusan və Azərbaycanın nə qədər inkişaf etdiyini görmüsən. Sizdə yeni binalar yoxdur. Sovet dövründə küçələr necə idi, yollar, işıqlar, qaranlıq necə idi, elə də qalmışdı.
Yəni qarşılaşdığınız vəziyyət necə idi? İnsanların çoxluğu, azlığı, yəni deyirlər ki, İrəvanda insanlar çox deyil, gediblər.
-Mən əhalinin sayını bilmərəm. Mən küçələri maşında gedib-gəlirdim. Küçələrin birində tıxaclar var, birində getmək imkanı yoxdur. Bu, insanların çoxluğundandır. Amma açığı mən orada belə şeylər görmədim. Orada insanlar bir-birinə yaxın deyil. Soruşdum metro nə qədərdir? Dedilər ki, 2-3 metrostansiyamız var, amma bu yaxınlarda yeniləri olacaq. İnsanlarda bir istək var ki, elə bil nə isə ediblər, bu gün ondan uzaqlaşa bilmirlər. Hər görüşün özündə də, hiss olunurdu ki, yaxınlaşmaq istəyirlər. Problemin həll yolunu axtarırlar. Mənə açıq dedilər ki, bu məsələnin hansı yol ilə olursa-olsun həll olunmasını istəyirlər.
Cənab Şeyx, İrəvanda Bütün Rusiyanın Partiaxı Kirill və erməni katalikosu II Qareginlə üçtərəfli görüşünüz də oldu. Həmin görüşdən sonra hazırladığınız bəyannamə vardı, hansı ki, insan tələfatların olmaması üçün snayperlərin təmas xəttindən çəkilməsini nəzərdə tutur. Amma belə görünür ki, İrəvan heç də bu vədə əməl etməyəcək.
-Bilirsiniz, buna çox heyfslənirəm. Biz ictimai təşkilatıq, dövlət təşkilatı deyilik. Biz heç bir dövlət rəhbəri qarşısında nəyisə qəti şəkildə qoya bilmərik. Bu, arzu və istək ola bilər. Əgər atəşkəsdirsə, buna qol çəkilirsə, mən onlardan soruşanda, ermənilər dedilər ki, ayda 2-3 əsgərimiz şəhid olur. Onların dediyilə deyirəm, şəhid olur. Biz də öz əsgərlərimiz üçün belə deyirik. Mən getməmişdən qabaq da, bir əsgəri vurmuşdular. Mən çox əsəbləşmişdim. Hətta orada rəhbərliyə də dedim, bu məsələ bu şəkildə olmaz. Mən bir şeyi başa düşmürəm. Onlardan vurulanlar 4 nəfər, bizdən 1 nəfərdir. Amma, 1 nəfərin anasının göz yaşı azdırmı? Əgər atəşkəsdirsə, buna tam əməl olunmalıdır. Biz rəhbərliyə tövsiyə etdik ki, əgər imkan varsa, snayperləri mərhələli şəkildə cəbhə bölgəsindən götürsünlər. İndi qalan məsələlər dövlət rəhbərlərinin boynuna qalır. Biz qol çəkdiyimiz məsələlərin heç biri öhdəlik kimi deyil. Onları biz boynumuza götürməmişik. O məsələlərin hamısı tövsiyə xarakteri daşıyır.
Amma onu da deyim ki, mənim ora getməyim çox yaxşı təsir bağışladı. Düşünürəm ki, xalq mənim ora getməyimi gözləyirdi. Mən ora getməmişdən qabaq başqa fikirdə idim, gedib gələndən sonra tamam başqa fikirdəyəm. Mən bir daha Azərbaycanın böyüklüyünü, Azərbaycanın yüksəlişini, Azərbaycanın inkişafının nə olduğunu gözlə gördüm. Bunu özləri də etiraf etdilər. Hətta yeri gələndə deyirdilər ki, siz varlı dövlətsiniz.
Ola bilsin ki, təmas xəttində yeni görüşlər keçirək. Həm ziyalılarla, həm özlərilə. Təmas xəttində deyəndə, Azərbaycan-Ermənistan sərhədində deyirəm. Çox istərdim ki, bu gün Qaregini Naxçıvana dəvət edim. Oranın inkişafını görsün. Məncə bu görüşlər xeyirlidir, nəinki zərərli.
Cənab Şeyx, mənim bildiyimə görə siz, Ermənistan prezidentilə görüşmüsünüz və bu görüşdə ona öz fikirlərinizi bildirmisiniz. Sizin iradlarınız nə oldu və bunun müqabilində o nə cavablar verə bildi?
-Əlbəttə, bu görüşü tam təfərrüatları ilə demək düzgün deyil. Mən öz sözümü demişəm, nə lazımdırsa demişəm. Bu o demək deyil ki, mən qorxuram bu sözü deməyim. Amma istəməzdim ki, tam şəkildə bunu açam. Mən Ermənistanın prezidenti deyəndə, siyasi rəhbərləri nəzərdə tuturam. Ona da dedim. Bu xalqın qanı tökülür. Buna Allah qarşısında cavabdehlik daşıyacaqsınız. Şəxsən siz daşıyırsınız. Bu məsələ sülh yolu ilə həll edilməlidir. Qarabağ məsələsi qanun çərçivəsində həll edilməlidir. Qarabağ və 7 Azərbaycan rayonu azad edilməlidir. Bu məsələlərin hamısı qoyuldu və cavablar da müəyyən qədər alındı. Onlarla açıq söhbətlərimiz oldu və mənə yaxşı münasibət göstərildi. Orada məqsəd hansısa rəhbəri sındırmaq deyildi. Elə bilməsinlər ki, mən Ermənistan rəhbərliyini sındırdım. Bu belə deyil. Mən bir din xadimi kimi, hər ikisinə - Qaregin də oturmuşdu, dövlət rəhbəri də Allahı yada saldım. Dedim ki, hamımız bu dünyadan gedəcəyik, lakin bir gün Allah qarşısında ölən şəxslərin qanına görə cavab verəcəyik. Hamımızın bir Allahı var. Yaradan birdir. Vəzifəyə görə, nəyəsə görə qan axıtmaq olmaz. Bunu dayandırmaq lazımdır. Tezliklə bu problem həll olunmalıdır. Və o da bununla razılaşdı.
Düşünürəm ki, bu yetərlidir. Tam şəkildə demirəm, amma hər halda yetərli danışıq oldu. O da cavab verdi. Mən də öz suallarımı qoydum.
Cənab Şeyx, siz çıxışa başlamazdan əvvəl Ermənistan prezidenti zalı tərk edib. Mətbuat bunu onunla əsaslandırdı ki, Sarkisyan sizin tənqidlərinizlə üzləşməkdən utanıb. Siz nə deyərdiniz?
-Mən belə deməzdim. Yenə deyirəm, bəzi insanlar, bəzi informasiya mənbələri hər şeydən düşmənçilik yaradır. Biz axı sülh məqsədilə getmişik. Biz orada olan dövrdə ATƏT rəhbərləri orada idi. Onlar da getməli idilər. Hələ mən çıxışa başlamamışdan qabaq, hələ məclis gedirdi, bu, patriarxdan üzr istədi, durdu ayağa, gəldi mənə yaxın, məndən də üzr istədi ki, məni çağırırlar, getməliyəm, biz sizinlə görüşəcəyik. Mən bunu belə gördüm. Hələ orada mənim nə deyəcəyimi bilmirdi, nə olacağını bilmirdi. Orada nəyəsə etiraz edib getdi, belə bir şey olmadı.
Yəni, sizə görə, bu səfər kifayət qədər yetərli və zəngin oldu?
-Məndə hələ bir az şübhələr vardı. Fikirləşirdim ki, nə isə olacaq, çıxış zamanı nə isə ola bilər. Mənə qarşı provokasiya ola bilər. Amma heç bir provokasiya olmadı. Mən Qaregindən tutmuş, prezidentinə qədər hörmət gördüm. Prezident məni maşına qədər ötürdü. Aeroportda məni Qaregin özü qarşıladı, xalçalar sərildi. Halbuki, o, Azərbaycanda olarkən konfrans başlamışdı, mən gedə bilməmişdim. Onlar mənə daha çox münasibət bildirdilər və hörmət elədilər. Mən düşünürəm ki, daha çox danışıqlar gedərsə, problemi sülh yolu ilə həll etmək mümkünü var. Mən də, bir şeyx kimi heç vaxt, sülh ola-ola, problemin ölüm, döyüş yolu ilə həll edilməsini istəmirəm. Buna Allah da icazə vermir. İndi qaldı həyatın məcburi bəzi şeyləri var ki, biz onlardan da keçə bilmərik.
DOSTLARINLA PAYLAŞ: