Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
03 Noyabr 2011 Cümə Axşamı 14:32
QMİ sədri Hacı Allahşükür Paşazadə Qurban bayramı münasibətilə təbrik müraciəti ünvanlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şüyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. Təbrik müraciətini olduğu kimi nəzərinizə çatdırırıq:

Bismillahir-rəhmanir-rəhim!
Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim!

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən diləyirəm.
İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri – Eydül-Əzha--Qurban bayramıPeygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Şükürlər olsun ki, Azərbaycan müsəlmanları artıq 20 ildir ki, öz müstəqilliyini bərpa edərək, dünya müsəlmanları ilə birgə Qurban bayramını istər Vətəndə, istərsə də İslamın müqəddəs məkanlarında layiqli şəkildə qarşılamaq imkanına malikdirlər. İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində biz bu mübarək məqamı 2 gün bayram etmək şərəfinə nail olmuşuq. Bu əziz gündə həm müqqədəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları Vətənimizin taleyinin ən çətin anlarında bizə öndər olmuş millət atası Heydər Əliyev həzrətlərinin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar. Azərbaycan dövlətinin bu günlərdə dünya miqyasında tarixi uğura imza atması-ölkəmizin daha bir mötəbər məqamda –BMT səviyyəsində layiqli yer alması Azərbaycan müsəlmanlarının Qurban bayramı öncəsi sevincini daha da artırdı. Şübhəsiz ki, dövlətimizin gün-gündən yüksələn iqtisadi qüdrəti, möhkəmlənən siyasi iradə və nüfuzu, milli-mənəvi dəyərlərin davamlı dircəlişi Azərbaycan xalqının mübarək bayram əhval-ruhiyyəsini, daha gözəl sabahlara inamını artıran gözəl məqamlardır.

Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyərək, Vətənimizin ərazi bütövlüyünü bərpa etməkdə, Azərbaycanın dövlət bayrağını tezliklə doğma Qarabağda ucaltmaqda bizlərə yardımçı olması üçün Allah-Təalaya dualar edirik.

Valideyinlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.

Bu əziz günlərdə Şeyxülislam olaraq, Azərbaycan xaıqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Allah-Təala qurbanlarımızı qəbul, ülvi niyyətlərimizi müstəcab etsin, inşallah! Amin!
Allah Qurban bayramımızı mübarək etsin!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!



DOSTLARINLA PAYLAŞ:

oyunlar