Güzdək bazasında yaxın şərqlə bağlı hərbi xəritələr olub
29 Yanvar 2010 Cümə 21:15
Güzdək bazasından bu günə kimi 3 mindən artıq sursat tapılaraq məhv edilib
Güzdək qəsəbəsində sovet qoşunlarından qalma silah sursatın təmizlənməsi prosesi hələ də davam edir. Ərazidən indiyə qədər 3 mindən artıq sursat tapılaraq məhv edilib. Təmizlənmə əməliyyatı zamanı aşkar olunan sursatlar isə xüsusi yerlərdə zərərsizləşdirilir.
Qaradağ rayonunda yerləşən Güzdək qəsəbəsində isə Azərbaycanda ilk dəfə maqnit minalar tapılıb. 1992-ci ildə Rusiya qoşunları Azərbaycandan çıxarılarkən ümumi ərazisi 400 min kvadrat metr olan 22 hərbi sursat anbarı partladılmışdı. Həmin zaman hərbi sursatın böyük hissəsi məhv olsa da, indiyə qədər Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə milli Agentliyin minaaxtaranları burada partlamamış sursat tapırlar. Agentliyin əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanovun sözlərinə görə, ərazidə əsasən piyada və tank əlehinə minalar, müxtəlif çaplı sursatlar, mərmilər aşkarlansa da, sovet dövründə əsasən təxribatçı qrupların istifadəsində olan plastik partlayıcılara da rast gəlinir. Maqnit minalarla isə minaaxtaranlar güzdəkdə ilk dəfədir ki, rastlaşırlar.
“Ümumilikdə bu ərazidən bu günə kimi 3 mindən artıq sursat tapılaraq məhv edilib. O cümlədən xırda hissələrə bölünmüş 65 kiloqrama qədər trotil, plastik partlayicilar tapılıb”,-deyə Adil Aslanov bildirib.
Qeyd edək ki, maqnit minalar eyni zamanda dənizdə gəmilərə və sualtı qayıqlara qarşı da istifadə olunur. Ərazidəki anbarlarda vaxtı ilə kəşfiyyat materialları da saxlanılıb.
“Öz təyinatına görə bu ambarlar xüsusi əhəmiyyət kəsb edib. Hətta burada qərargahda elə xəritələr aşkar olunub ki, bunlar demək olar ki, yaxın şərqə aid olan bütün hərbi xəritələrdir. Doğrudur, həmin qərargah yandırılıb və xəritələr istifadəyə yararsızdır. Bu da onu deməyə əsas verir ki, bu anbarlar xüsusi təyinatlılar üçün nəzərdə tutulubmuş”,-deyə mütəxəssis bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: