Gürcüstanla gündəlikdə ərazi mübadiləsi məsələsi yoxdur
01 Aprel 2011 Cümə 14:41
Xələf Xələfov bunu sərhədlərin müəyyənləşdirilməsinə münasibət bildirərkən deyib
Azərbaycan və Gürcüstanın sərhədlərinin delimitasiyası ilə bağlı danışıqların növbəti mərhələsi Gürcüstanda keçirilməlidir. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Onun sözlərinə görə, bu görüşün keçirilməsi üçün hazırlığın aparılmasına ehtiyac var: “Bununla bağlı Gürcüstanın komissiya sədri ilə telefon danışığı aparılır. Bu məsələləri araşdırmaq üçün ekspertlərin görüşü təşkil olunmalıdır. Bu görüşdən sonra komissiya sədrləri çərçivəsində ekspertlərin fəaliyyətinin nəticəsini müzakirə etməli, bundan sonra komissiyanın növbəti iclasının tarixini müəyyənləşdirməliyik”.
Nazir müavini qeyd edib ki, delimitasiya komissiyasının sonuncu görüşü Balakəndə keçirilib. Həmin görüşdə bəzi məsələlərlə bağlı araşdırmaların aparılmasına ehtiyac olunduğu üzə çıxıb: “Ona görə də Balakəndə yekun qərara gələ bilmədik. Bu məsələlərin növbəti iclasda müzakirəsi qərarlaşdırılıb”.
X. Xələfovun bildirdiyinə görə, komissiya tərəfindən artıq sərhəd xətlərinin 2/3 hissəsi razılaşdırılıb. Qalan 1/3 hissəsinin çox hissəsi barədə də iki ölkənin fikirləri uyğundur: “Bəzi hissələrdə isə fikir ayrılığı yaranıb. Çalışırıq ki, bu məsələlər razılaşdıraq”.
Xarici İşlər Nazirliyinin rəsmisi Gürcüstanla sərhədlərin müəyyənləşdirilməsi zamanı gündəlikdə ərazi mübadiləsi məsələsinin olmadığını da söyləyib. Onun sözlərinə görə, sərhəd xəttinin müəyyənləşdirilməsi yalnız hüquqi əsaslarla həll edilməlidir: “İki dövlət arasında sərhədin müəyyən olunması hüquqi müstəvidə həyata keçiriləcək. Ona görə də hazırda mövcud olan bütün normativ sənədlər, razılaşdırılmaya aid bütün aspektlər və hüquqi elementlər nəzərdən keçirilir. Biz elə etməliyik ki, delimitasiya Gürcüstan-Azərbaycan dostluq münasibətlərinə uyğun baş versin. İnanıram ki, bu məsələ iki ölkə arasında dostluq əhval-ruhiyyəsində həllini tapacaq. Sərhədlər elə müəyyən edilməlidir ki, sonradan hər hansı şübhənin yaranmasına əsas qalmasın”.
X.Xələfov onu da əlavə edib ki, Rusiya ilə isə artıq delimitasiya prosesi bitib: “Artıq müqavilə bağlanıb və Azərbaycanın Milli Məclisində təsdiq olunub. Hazırda Rusiya tərəfi də müqavilənin təsdiqlənməsi üçün prosedurlar həyata keçirir”.
DOSTLARINLA PAYLAŞ: