Gürcüstan və Ermənistandan Kürə artıq miqdarda biogen maddələr axıdılıb
22 Noyabr 2011 Çərşənbə Axşamı 12:48
Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb.
Kür və Araz transsərhəd çayları, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirilib. ETSN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, noyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının I ongünlüyünə nisbətən 18 m3/san azalaraq 163 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində və Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
Noyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələri 3, I Şahsevən məntəqəsində mis birləşmələri 2, fenollar 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.20-7.65 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
DOSTLARINLA PAYLAŞ: