Gürcüstan parlamentinin sifariş verdiyi "İşğal"
22 Oktyabr 2011 Şənbə 11:33
Tbilisi Dövlət Universitetində Azərbaycanın müstəqillik yolundan danışan film təqdim edilib.
İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Gürcüstan parlamentinin sifarişi ilə çəkilmiş “İşğal” filminin təqdimat mərasimi keçirilib. Silsilə şəklində çəkilmiş filmdə Azərbaycan Respublikasının keçdiyi müstəqillik yoluna nəzər salınıb. Tədbiri TDU-nun rektoru Aleksandr Kvitaşvili açaraq Azərbaycanın Gürcüstandakı yeni səfiri Azər Hüseynin universitetdə belə bir mərasimin keçirilməsi ilə əlaqədar təşəbbüsünü alqışlayıb. O, səfirə fəaliyyətində uğurlar diləyib, ölkələrimiz arasında münasibətlərin, o cümlədən təhsil sahəsində əməkdaşlığın daha da inkişafı naminə xidmətlərini əsirgəməyəcəyinə əmin olduğunu bildirib.
Səfir Azər Hüseyn eyni taleli ölkələr-Azərbaycan ilə Gürcüstanın münasibətlərinin çoxları üçün nümunə olduğunu, xalqlarımızın müstəqillik uğrunda mübarizə tarixinin oxşarlığını qeyd edib. Səfir bildirib ki, azadlıqsevər xalqlarımız 20 Yanvar və 9 Aprel faciələini heç vaxt unutmayacaqlar.
Azər Hüseyn Azərbaycan–Gürcüstan münasibətlərinin yeni müstəvidə inkişafında prezidentlər İlham Əliyev və Mixayıl Saakaşvilinin xüsusi xidmətlərindən danışıb.
Sonra “İşğal” filmi nümayiş etdirilib. Tarixi keçmişimizin çox dəqiq əks olunduğu film universitetinin professor-müəllim, tələbə heyəti, Azərbaycan və gürcü ictimaiyyəti nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: