Gürcüstan büdcəsinə ən böyük vergiləri Azərbaycan şirkətləri ödəyir
20 Dekabr 2011 Çərşənbə Axşamı 21:03
Nika Gilauri: "Biz Avropa və Asiya arasında körpü tikirik".
Tiflisdə Gürcüstan-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının iclası keçirilib. Azərbaycanın baş naziri Artur Rasizadənin də qatıldığı toplantıda iki ölkə arasında ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb. Yekunlara dair protokol imzlanıb.

Artur Rasizadə Tiflisə səfəri çərçivəsində gürcü həmkarı Nika Gilauri ilə görüşüb. Mətbuat üçün qapalı keçən görüşdən sonra hər iki ölkənin baş naziri Gürcüstan və Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın iclasına qatılıb.

Nika Gilauri son illər iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 60 faiz artdığını deyib. Onun sözlərinə görə, Azərbaycan Gürcüstana ən böyük sərmayə yatıran ölkələrdən biridir və Gürcüstan büdcəsinə ən böyük vergiləri də Azərbaycan şirkətləri ödəyir. O qeyd edib ki, iki ölkə birlikdə regional və tarixi layihələrə imza atıb.

“İki ölkə Qərblə Şərq arasında enerji körpüsünə çevrilib. Biz Avropa və Asiya arasında körpü tikirik. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars tarixi layihələrdir. Ölkələrimiz neft-qaz magistrallarının, Asiya və Avropanı birləşdirən dəmir yollarının qovşağına çevrilir və bu, bizim inkişafımıza kömək edir”, - deyə N. Gilauri çıxışında bildirib.

Dəmiryolu inşaatının gələn ilin sonuna qədər və ya 2013-cü ilin əvvəlində tamamlanmasının planlaşdırıldığını bildirən N.Gilauri ölkələrarası münasibətlərin əhalinin həyat səviyyəsinin yüksəlməsinə və regional münasibətlərin genişlənməsinə təsir etdiyini qeyd edib.

Azərbaycanın baş naziri Artur Rasizadə isə bildirib ki, Gürcüstan Azərbaycan üçün strateji tərəfdaş, dost-qardaş ölkədir: “Dünyada gedən proseslərlə əlaqədar ikitərəfli münasibətləri daha da dərinləşdirməliyik. Biz güclü olmalıyıq, çünki yalnız bu yolla məqsədlərimizə çata bilərik”.

Sonda Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasının yekunlarına dair protokol imzalanıb.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın ikinci ən böyük ticarət ortağıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar