Günter Ottinger: “Şahdəniz” konsorsiumunun istənilən boru kəməri seçimini dəstəkləyəcəyik”
22 Dekabr 2011 Cümə Axşamı 13:40
“Cənub qaz dəhlizi” layihəsi artıq 4 ildir gündəmdədir və ən yüksək səviyyədə, dövlət başçıları tərəfindən dəstəklənib.
APA-Economics”in məlumatına görə, bunu Avropa Birliyinin (AB) enerji komissarı Günter Ottinger Brüsseldə keçirilən Edison konfransında çıxış edərkən deyib.
O, qarşıdan gələn həftələr ərzində bu siyasətin ilk uğurunu gözlədiyini vurğulayıb: “Bu uğur “Şahdəniz” layihəsinin ikinci fazası çərçivəsində çıxarılacaq qazı Avropaya çatdıracaq əsas boru marşrutu elan ediləndən sonra baş verəcək”.
“Bir məqamın aydın olmasını istərdim: seçim prosesinin kommersiya yekunlarından asılı olmayaraq, “Şahdəniz” konsorsiumunun boru kəməri seçimini dəstəkləyəcəyik” - deyə G.Ottinger qeyd edib. O, eyni zamanda ITGI (İtaly-Turkey-Greece İnterconnector) layihəsini də dəstəkləyəcəklərini bəyan edib: “Regional layihə olan ITGI Cənub-Şərqi Avropanın təbii qaz bazarını inteqrasiya etməyə və bölgədə təchizat təhlükəsizliyini yaxşılaşdırmağa yardım edəcək. Bütün bu layihələr isə Avropanın enerji təminatının diversifikasıyasına öz töhfəsini verəcək”.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Avropa bazarlarına nəqli üçün “Nabucco” konsorsiumu, BP şirkəti, ITGI və TAP layihələri öz təkliflərini təqdim edib.
DOSTLARINLA PAYLAŞ: