“Gül bayramı” ilə əlaqədar Bakıya 16 ton gül gətirilib
10 May 2012 Cümə Axşamı 12:41
Hacıbala Abutalıbov: "Tədbirdə istifadə olunan güllərin sayı milyonu keçib"
Azərbaycan paytaxtında keçirilən “Gül bayramı” tədbirlərində istifadə olunan güllərin sayı milyonu keçib.
APA-nın xəbərinə görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan müxtəlif növ 16 ton gül gətirilib. H. Abutalıbov deyib ki, Heydər Əliyevin güllərdən hazırlanmış portretinə xüsusi diqqətlə yanaşılıb: “Portret gözəl canlandırılıb”.
BŞİH başçısı Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, Almaniya, Hollandiya və Fransa dizaynerlərinin birgə çalışdıqlarını vurğulayıb.
H. Abutalıbov, parkın mayın 15-dək Bakı sakinlərinin və qonaqların istifadəsində olacağını bildirib.
Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsi barədə danışan BŞİH başçısı deyib ki, yarışma keçirilən günlərdə Bakıda bir-birindən fərqli və maraqlı tədbirlər baş tutacaq: “Bu tədbirlər Bakıya gələn qonaqlar üçün sürpriz olacaq”.
DOSTLARINLA PAYLAŞ: