GUAM sədrliyi Moldovadan Azərbaycana keçib
07 Dekabr 2011 Çərşənbə 12:34
Vilnüsdə GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilib.
Bu gün Vilnüsdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısı çərçivəsində GUAM ölkələri xarici işlər nazirlərinin iclası keçirilib. APA-nın Vilnüsə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. Görüşdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, Moldovanın xarici siyasət idarəsinin rəhbəri Yurie Lyanke, Ukraynanın Litvadakı səfiri Valeri Jovtenko, GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.

İclasda GUAM-ın 2012-ci il üçün Fəaliyyət Planı və büdcəsi müzakirə olunub. Toplantıda GUAM-a sədrlik Moldovadan Azərbaycana keçib. İştirakçılar BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə daxil edilmiş “GUAM məkanında həlli uzadılmış münaqişələr və bu onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” məsələsinin müzakirəsi zamanı qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini də müzakirə ediblər. Toplantıda GUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının gələn ilin fevralından gec olmayaraq keçirilməsi barədə qərar qəbul olunub. İclasın dəqiq tarixi diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar