Görüş xatirinə görüş İlham Əliyevin prinsipinə yaddır
03 Dekabr 2010 Cümə 15:10
Prezident Administrasiyasının rəsmisi prezidentlərin Astanada görüşməməsinə aydınlıq gətirib
ATƏT-in Astana sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında gözlənilən görüşün baş tutmamasına Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov aydınlıq gətirib. ANS TV-nin məlumatına görə, Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan prezidenti görüş xatirinə görüşməmək prinsipinə riayət edir.

“Azərbaycan prezidenti görüşlə bağlı həmişə belə bir prinsipə riayət etdiyini söyləyir: "O zaman görüşmək lazımdır ki, onun bir nəticəsi, əhəmiyyəti olsun. Görüşə nə ilə isə getmək lazımdır". Söhbət bundan gedir. Orada görüşün keçirilməsinə ehtiyac olmadı. Sadəcə olaraq, görüş zamanı hər hansı bir məsələ ətrafında danışmaq, irəliyə bir addım atmaq, qərara gəlmək lazımdır. Əgər bu gözlənilmirsə, o görüşün olmasına ehtiyac varmı? Görüş xatirinə görüş keçirmək Azərbaycan prezidentinin prinsipinə yaddır”, - deyə Novruz Məmmədov bildirib.

Novruz Məmmədov həmçinin sammit çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə birgə bəyanatına da münasibət bildirib: "Astana sammitində həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə birlikdə bəyanatı oldu. Bu bəyanat haqqında demişəm, bir daha təkrar edirəm. Bu bəyanatda əksini tapan məsələlər bir daha Ermənistanın münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv rol oynamasını məhdudlaşdıracaq".


DOSTLARINLA PAYLAŞ:

oyunlar