Gömrükdəki insidentlə bağlı açıqlama yayılıb
10 Dekabr 2012 Bazar Ertəsi 23:31
Naxçıvan Dövlət Gömrük Komitəsi: "Faktla bağlı cinayət işi başlanıb"
“Son günlər bəzi kütləvi informasiya vasitələrində guya bir qrup jurnalistin və Azərbaycan vətəndaşı Qurbanov Məmməd Məmməd oğlunun Sədərək Gömrük İdarəsində hücuma məruz qalması ilə bağlı əsassız, yalan və böhtan dolu məlumatlar yer almaqdadır”. Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, vətəndaş Məmməd Qurbanov bundan öncə də dəfələrlə gömrük qayda və qanunlarını pozmaqla özünə asan qazanc yolu açmağa çalışıb: “2012-ci il dekabrın 8-də Naxçıvan şəhər sakini Məmmədov Nadir Əli oğlunun Türkiyədən gətirdiyi 2510 kq süd və süd məhsulları, 100 kq müxtəlif qənnadı məhsulu, 400 kq dondurulmuş balıq, 70 kq kartofa görə qanunvericiliyə əsasən müvafiq müşayiət sənədləri (bağlanmış müqavilə, malın mənşəyini təsdiq edən sənəd, malın fitosanitar sertifikatı, malın uyğunluq sertifikatı, malın baytarlıq sertifikatı) tələb olunub, bu sənədlərin heç biri təqdim olunmadığından malların buraxılışına icazə verilməyib. Bu səbəbdən qeyd olunan mallar müvəqqəti saxlanca götürülüb”.
Məlumatda qeyd olunub ki, bundan sonra M. Qurbanov özlərini jurnalist və hüquq müdafiəçisi kimi təqdim edən Elman Abbasov və İlqar Nəsibovla birgə Sədərək Gömrük İdarəsinə gəlib: “Orada daşıyıcı Məmmədov Nadir Əli oğlunun Məmməd Qurbanovun yaxın qohumu-kürəkəni olduğu ortaya çıxıb. Qanunvericiliyin tələblərinə məhəl qoymayan mal sahibləri gömrük orqanının vəzifəli şəxslərinə qarşı nalayiq hərəkətlər edib, idarənin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə və yük şöbələri əməkdaşlarının üzərinə bıçaq çəkib, yaranmış insident nəticəsində həmin vaxt gömrük nəzarəti zonasında fəhlə işləyən Mahmudov Siyafər Xudakərim oğlu əlindən bıçaq xəsarəti alıb. Faktla bağlı aidiyyəti üzrə cinayət işi başlanıb”.
DOSTLARINLA PAYLAŞ: