Golden Gral" limonadları satışdan yığışdırılır
07 İyun 2012 Cümə Axşamı 16:47
Onların gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi müəyyənləşib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Məhəmmədi qəsəbəsində Rauf Novruzova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Golden Gral” əmtəə nişanlı tərxun və üzüm alkoqolsuz içkilərinin gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, həmin içkilərin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, habelə məhsulların etiketində içkilərin qida və enerji dəyərinin göstərilmədiyi müəyyən edilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bundan başqa, yoxlama zamanı müəssisədə istehsal olunan sərinləşdirici içkilərin laborator müayinəsi aparılmadan satışa çıxarıldığı aşkarlanıb. Müəssisənin anbarında aşkar edilmiş satışa hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Qanun pozuntuları ilə əlaqədar, sərinləşdirci içkilərin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilmiş 1630 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Rauf Novruzova icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar