Girovlarla bağlı açıqlama
17 İyul 2014 Cümə Axşamı 15:36
Kəlbəcərdə girov götürülən şəxslər heç bir dövlət sərhədini pozmayıb.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Kəlbəcər rayonu ərazisində azərbaycanlıların girov götürülməsi ilə bağlı ictimaiyyətin narahatçılığını nəzərə alaraq bir daha bildirir ki, onların sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ gündəlik diqqət mərkəzindədir və onunla bağlı bütün zəruri tədbirlər görülür. Bu barədə ANS PRESS-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Komissiyadan deyilib: "Ermənistanın rəsmi dairələrinin yaydığı məlumatların əksinə olaraq bildiririk ki, girov götürülmüş şəxslər 12 avqust 1949-cu il tarixdə qəbul edilmiş Cenevrə Konvensiyalarının himayəsi altındadır və onlarla davranış həmin beynəlxalq sənədlər çərçivəsində olmalıdır. Ancaq Ermənistanın Müdafiə Nazirliyi saxlanılan şəxslər: "hərbi əsir deyil" deməkdə haqlıdır. Ona görə ki, həmin şəxslər Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində böyüyüb başa çatmış və ata-babalarının məzarı həmin ərazilərdə qalmış mülki insanlardı. Mülki şəxslərlə isə "Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust Cenevrə Konvensiyası"nın tələblərinə uyğun davranılmalıdır. Həmin konvensiyanın 4-cü maddəsində bu dəqiq ifadə edilib. Bu məqam aidiyyəti beynəlxalq təşkilatların da diqqətinə çatdırılıb.

Kəlbəcər rayonu ərazisində girov götürülmüş şəxslər erməni tərəfinin iddia etdiyi kimi, heç bir dövlət sərhədini pozmayıb və suveren Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış ərazisində olublar. Əsl sərhəd pozucusu isə 10 yanvar 2010-cu il tarixdə 5 nəfərdən ibarət ailə üzvü ilə "Yeraz" markalı maşınla Ermənistan Respublikasının Naxçıvan MR ilə sərhəd ərazisini keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Gevorkyan Yeqişe Petrosoviçdir. Həmin dövrdə Azərbaycan Respublikası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Gevorkyanla sərhəd pozucusu kimi davrana bilərdi. Lakin, beynəlxalq hüquq normalarına həmişə hörmətlə yanaşmış Azərbaycan Respublikası Gevorkyana və onun ailəsinə münasibətdə humanitar hüquq normalarını əsas götürüb.

Diqqəti çəkən və narahtçılıq doğuran məqamlardan biri isə Ermənistanın rəsmi strukturlarına istinad edən erməni kütləvi informasiya vasitələrində məsələ ilə bağlı ziddiyyətli, bir çox hallarda isə biri-birini təkzib edən məlumatların yayılması, eyni zamanda onların guya bir hərbçini və bir mülki şəxsi öldürməkdə günahlandırılmasıdır. Hətta Dağlıq Qarabağda qurulmuş separatçı rejimin "yetkililəri" bir az da uzağa gedərək bu məsələnin danışıqlar prosesinə ciddi zərbə vuracağı kimi siyasi bəyanatlar verməkdən belə çəkinmirlər".

Dövlət Komissiyası bildirir ki, məsələyə kriminal və ya siyasi don geyindirilməsi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlikdir və saxlanılan şəxslərə bu normalarının tətbiq dairəsindən kənar münasibət qəbul edilməzdir.

Bununla yanaşı, Komissiya Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürülmüş azərbaycanlılarla bağlı kütləvi informasiya vasitələrində yoxlanmamış məlumatların yayılmasından da narahatçılığını ifadə edir. Təhlil göstərir ki, hadisə ilə bağlı məlumatlar bir çox hallarda dəqiqləşdirilmədən, tələsik dövriyyəyə buraxıldığı üçün əsas mahiyyətini itirərək sensasiya xarakteri alır.

Hətta girov götürülmüş vətəndaşların qohumu olmayan şəxslərə istinad edilərək guya saxlanılan şəxslərdən birinin onlara Kəlbəcərdən zəng edərək bir nəfərin öldürülməsi, digərinin gözünün çıxarılması barədə məlumat verdiyini yazırlar. Aparılan araşdırmalar, eyni zamanda girovların yaxın qohumları isə belə zəngin olmadığını təsdiq edir. Digər bir halda isə saxlanılan şəxslərdən birinin evinin və mağazasının olması kim məsələyə aidiyyəti olmayan məlumatlar yayılır. Misalları artırmaq da olar.

Bu məsələ insan taleyi ilə bağlı olduğu və həssas xarakter daşıdığı üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş vətəndaşlarımızla bağlı məlumatları yayarkən bir çox hallarda təxəyyüldən doğan fikirlərdən uzaq olmağa və saxlanılan şəxslərin sonrakı taleyi ilə bağlı aparılan işə zərər verə biləcək hər hansı materialı yaymaqdan çəkinməyə çağırır.

Dövlət Komissiyası məsələ ilə bağlı aparılan işlər barədə məlumatları müntəzəm olaraq ictimiayyətə çatdıracaq.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar