General Rail Rzayevin qətlə yetirilməsindən bir il ötür
11 Fevral 2010 Cümə Axşamı 11:15
Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qətlə yetirilməsindən bir il ötür.
APA-nın məlumatına görə, Rail Rzayev 2009-cu il fevralın 11-də, saat 07.30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisədən bir neçə ay sonra R. Rzayevin köməkçisi A. Rəfiyev, onun oğlu Anar, və daha bir neçə yüksək rütbəli hərbiçi həbs olunub. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yaradılmış istintaq qrupunun üzvləri generalın köməkçisi Aydın Rəfiyevin hərbi şəhərcikdə yerləşən mənzilinə və “Mitsubishi-Pajero” markalı maşınına baxış keçiriblər. Baxış zamanı maşından general Rail Rzayevə məxsus 1 ədəd qış gödəkcəsi və generalın xidməti avtomobilinin dövlət nömrə nişanı aşkar edilib. Təqsirləndirilən şəxslər avtomobildə aşkarlanan Müdafiə Nazirliyinə məxsus 10-00 HM dövlət nömrə nişanı və generala məxsus qış gödəkcəsini R. Rzayevin ölümündən bir müddət sonra generalın şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən nazirliyə qaytarılması üçün Aydın Rəfiyevə verildiyini bildiriblər. Lakin A. Rəfiyev məzuniyyətdə olduğu üçün onları Müdafiə Nazirliyinə təhvil verməyib.

Baş prokuror Zakir Qaralov isə ötən ilin oktyabrında jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z. Qaralov onların məhz bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. Baş prokuror, həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.

Məhkəmə Anar Rəfiyevi Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 179-cu (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilərək barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Digər həbs olunan hərbiçilər isə bir neçə ay həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılıblar. Lakin onların barəsində başlanan cinayət işinə hələdə xitam verilməyib.

Generalın həbsdə olan köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin cinayət işinin istintaqı artıq yekunlaşıb. Məlumata görə, yaxın günlərdə cinayət işinin baxılması üçün məhkəmə göndəriləcək. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar