Gəncədə seçici passivliyi müşahidə olunur
07 Noyabr 2010 Bazar 12:50
Müşahidəçilər seçki prosesinin normal getdiyini bildiriblər.
Bu il Gəncədə ümumilikdə 149 min 398 nəfər seçici qeydə alınıb. Saat 8:00-da Gəncədə şeçkiyə dörd dairəni əhatə edən 111 məntəqədə start verilib. Səhər saatlarından etibarən ANS-in çəkiliş qrupu Gəncə şəhər 38 saylı (Nizami ikinci) DSK-nın 2 və 3 saylı məntəqələrində seçkinin gedişini izləməyə başlayıb. Artıq səsverməyə start verilən andan seçicilər məntəqələrə gələrək prosesdə iştirak edir. Onlar hələ ki, seçkidən razı görünür:

Seçici Rəşid İbarhimov: "Heç bir təzyiq yoxdur, özümüz kimə istədik ona da səs verdik".

Seçici Rəna Tağızadə: "Seçkiyə çox gözəl əhval ruhiyyə ilə gəlmişik. Seçdiyimiz namizədə səs vermişik".

Müşahidəçilər seçki prosesinin ilk saatlarda normal getdiyini bildiriblər. Müşahidəçi Əlvanə Adıgözəlova: "Saat 08:00-dan burdayıq. Hər şey öz qaydasındadır".

Lakin ötən parlament seçkisi ilə müqayisədə sesvermənin bir qədər zəif templə getdiyi müşahidə edilir. Bu gün iş günü olmadığından seçicilərin yaxın saatlarda məntəqələrə gələcəyi və prosesin intensivləşəcəyinə ümid edilir.

Gəncə şəhər 38 saylı DSK-nın 3 saylı məntəqəsinin sədri Nailə İsgəndərova bildirib ki, seçki qanunun tələblərinə uyğun olaraq keçirilir: "Bu gün bazar günü olduğu üçün seçicilərimiz yəqin ki, aramsız olaraq gələcəklər”.

Gəncə şəhərində dörd dairə üzrə 23 nəfər namizəd mandat uğrunda mübarizəyə qoşulub. Gəncədə seçkini izləmək üçün ümumilikdə 1260 yerli müşahidəçi qeydə alınıb. Bu günü həmçinin 10 nəfər xarici müşahidəçi izləyir. Onlardan 4 nəfəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqlari bürosu, 6-sı isə Müstəqil Dövlətlər Birliyini təmsil edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar