Gənc ailələr niyə dağılır?
24 Aprel 2010 Şənbə 12:25
Gənc ailələr niyə dağılır? Bunun başlıca səbəblərindən birinin işsizlik hesab olunur.
Müasir dövrdə gənc ailələrin sosial vəziyyətinə mənfi təsir edən başlıca problemlərdən biri işsizlikdir. İş tapmağın çətinliyini indi həm ali təhsil alan, həm də təhsili olmayan gənclər yaşayır. Bu isə bir çox hallarda ailədə gərginliyə, münaqişələrə səbəb olur. Bəzi gənc ailə başçıları çıxış yolunu başqa ölkələrə üz tutub orada işləməkdə görür. Sosial araşdırmaçılar bildirir ki, əksər hallarda belə əmək miqrasiyalarının nəticəsi də ürəkaçan olmur.

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimlinin sözlərinə görə, bunun cəmiyyətdə çox mənfi fəsadları var: “Xüsusən o halda ki, ailə başçısı özü gedir, ailəsi və uşağı qalır. Bunun bir mənəvi tərəfi də var. Həmin uşaq atasız böyüyür. Bir çox hallarda əmək mühacirətləri boşanma ilə nəticələnir. Bu da ailə institutunun dağılmasına səbəb olur. Bu çox ciddi problemdir. Dövlət bunları nəzərə alıb ölkədə məşğulluq siyasətini yeni konteksdə həyata keçirməlidir ki, gənclər öz vətənlərində normal iş tapıb ailələrini dolandıra bilsin, onların ailələri dağılmasın”.

Ekspert ali təhsil alan gənclərin də işlə bağlı çətinliklərlə qarşılaşdığını vurğulayır. Bir müddət iş axtarıb tapmayanların diplomu lazımsız sənəd kimi bir kənarda qalır, ali təhsilli gənclər isə məcbur olub başqa işlə məşğul olur: “Əgər bir vətəndaş 4 il təhsil alırsa, istər ödənişli, istərsə də ödənişsiz, deməli dövlətin həmin kadra ehtiyacı olmalıdır. Əgər həmin gənc iş tapa bilmirsə, diplomu yaramırsa, onda dövlət nəyə görə həmin tələbəyə əziyyət çəkir? Sovetlər dönəmində təyinatlar var idi, bu təyinat yenidən bərpa olunmalıdır. Hər bir dövlət idarəsi müəyyənləşdirməlidir ki, onun yeni kadrlara ehtiyacı var, ya yoxdu. Həmin ehtiyaca uyğun ali məktəblərə sifariş verilməlidir”.

Odur ki, ekspert gənclərin məşğulluğu ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini vacib sayır.

Qeyd olunan problemlərdən xəbərdar olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsində isə gənclərin işlə təminatının asanlaşdırılması məqsədilə yeni layihə hazırlanır:

Nazirliyin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli deyir ki, bu layihəyə əsasən işəgötürənlərlə xüsusi razılaşma əldə olunacaq. Bu da sırf gənclərlə bağlı olacaq: “İşəgötürənlərin əmək bazarında təcrübəsi olmayan gənc kadrlara üstünlük verməkləri üçün bir il müddətində həmin şirkət gəncləri işçi kimi götürəcək. 1 il ərzində onun maaşının yarısını işəgötürən verəcək, yarısını baş məşğulluq idarəsi. Belə olan halda həm işəgötürən 50 faizlik maaşla işçi ilə müqavilə bağlamalı olur, digər tərəfdən 1 il ərzində həmin gənc ixtisasa yiyələnir, təcrübə toplayır, 1 ildən sonra maaşının hamısını şirkət tam ödəyəcək”.

Layihənin bu il gerçəkləşdirilməsi nəzərdə tutulub. Bununla belə, Baş Məşğulluq İdarəsi ölkədə ehtiyac duyulan peşələr üçün ixtisaslı kadrların hazırlanması işini də həyata keçirir. Belə ki, yaradılan peşə tədrisi mərkəzlərində gənclər hazırda əmək bazarında çatışmayan - ingilis dili, kompüter işi, tornaçı, qaynaqçı, eləcə də fəhlə peşələri üzrə nəzəri və təcrübi bilik əldə edərək müxtəlif sahələrdə işlə təmin olunur.

Qeyd edək ki, ötən il məşğulluq xidmətləri orqanlarına iş üçün müraciət edən 19566 nəfərin 11642-si müxtəlif sahələrdə işlə təmin olunub. O cümlədən, peşə hazırlıq kurslarını keçən 3590 gəncdən 566 nəfər ictimai işlərə cəlb olunub. Keçən il 57 rayonda keçirilən əmək yarmarkalarında da 3732 gənc özünə müvafiq iş tapıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar