G20 liderləri nəyi müzakirə edəcəklər?
26 İyun 2010 Şənbə 18:00
G20 liderləri nəyi müzakirə edəcəklər? Dünya ölkələri banklar üçün xüsusi verginin tətbiqinə başlaya bilər.
Böyük 20-lərin liderləri bu gün Kanadada görüşürlər. Əgər bundan əvvəlki iclaslarda “iyirmilik” əsasən iqtisadiyyatın qorunması və inkişafı üçün vacib olan dövlət qərarlarının qəbulunun stimullaşdırılmasına, eyni zamanda bu sahədə yürüdülən siyasətin koordinasiya edilməsinə, əsaslandırılmış büdcə siyasətinə vaxt ayırılmışdısa, iyun sammitində daha çox nəzarətin gücləndirilməsinə yer veriləcək.
Bu sahədə nəzərdə tutulan sərtləşmə tədbirlərinə daxil edilən və G20 sammitində müzakirə ediləcək son təşəbbüslərdən biri banklara xüsusi verginin tətbiq edilməsidir.
Rusiya artıq bu məsələ ilə bağlı öz mövqeyini dəqiqləşdirib. Sammitdən bir neçə gün qabaq baş nazirin birinci müavini İqor Şuvalov bildirib ki, təmsil etdiyi hökumət banklara xüsusi vergi tətbiq etməyi planlaşdırmır və elə ilk gündən bu təşəbbüsün əleyhinə olub. Bununla belə, “İnterfax”ın sorğu keçirdiyi analitiklər bildiriblər ki, G20 sammitində bu məsələ ilə bağlı heç bir formal qərar qəbul edilməyəcək.
“Sensasiya gözləmək lazım deyil. Çünki bundan əvvəlki sammitlərdə də qəbul olunan qərarlar rəsmi xarakter daşıyırdı”,-deyə “Deutsche Bank”ın eksperti Yaroslav Lisovolik bildirib.
Analitiklər hesab edirlər ki, Rusiyanın xüsusi vergilərin tətbiqi ilə bağlı sərt mövqeyi perspektivdə digər ölkələrlə rəqabətdə ona xeyli üstünlük verəcək. “Rusiyada banklara əlavə vergilərin tətbiq edilməməsi, əksinə, digər ölkələrdə bu qərarın mövcudluğu Rusiyaya əlavə kapitalın cəlb edilməsi üçün xeyli üstünlük yaradacaq. “Bank vergisi”ndən imtina etmək ölkəyə əlavə kapitalın cəlb edilməsinə cəhddir. Həm də bu, uzunmüddətli kapitalın gətirilməsi və ölkədə beynəlxalq maliyyə mərkəzinin yaradılmasına xidmət edir”,-deyə Yaroslav Lisovolik söyləyib.
Bəzi iqtisadçılar isə bildirir ki, yeni bank vergilərinin tətbiqi daha çox irihəcmli maliyyəyə və maliyyə əməliyyatlarına məxsus olan ölkələr üçün əlverişlidir. “ING Bank”ın analitiki Dmitriy Polevoy bildirir ki, xüsusi vergilərin tətbiqini Böyük Britaniya ilə yanaşı Fransa və Almaniya da dəstəkləyə bilər. Bununla belə, ABŞ-dan gələn son xəbərlərə istinad edilsə, bu ölkədə də bank siyasətinin sərtləşdirilməsi üçün müəyyən addımların atılacağını gözləmək olar.
Ekspertlər hesab edirlər ki, sammitdə xüsusi diqqət yetiriləcək mövzulardan biri də büdcə siyasəti olacaq.
Bir çox ölkələr razılığa gəliblər ki, maliyyə sektorunun səhmana salınması ilə bağlı qərarlar büdcə məsələsinin müzakirəsini çətinləşdirəcək. Çünki bu daha mürəkkəb mövzudur. Bir sıra ölkələr artıq bəyan ediblər ki, büdcə siyasətini sərtləşdirəcəklər (məsələn, Böyük Britaniya, Almaniya). Ancaq büdcəsini sərtləşdirməyən ölkələr, məsələn, ABŞ bu qərarları qəbul etməsə də, ümumi büdcə siyasətinə uyğun olan balanslaşdırılmış büdcə yarada bilər.
“Renessans Kapital”ın ekpserti Aleksey Moiseyev hesab edir ki, büdcə kəsrlərinin ixtisar edilməsi ilə bağlı razılığa gəlmək asandır. Ancaq bu razılığı təcrübədə necə yerinə yetirmək əsas qayğılı məqamdır. Həmçinin sammitin qəbul etdiyi qərarlar miqyasına görə geniş nüfuz dairəsinə malik olacaq.
Analitiklərin fikrincə, sammitin qarşısında duran əsas məsələlərdən biri də maliyyə bazarındakı durumun yoluna qoyulmasıdır. Ancaq burada da ekspertlər yeni heç nə gözləmirlər. Bununla belə, G20 sammiti başlamazdan əvvəl bu məqam sessiyada müzakirə olunacaq mövzular içərisində ilk sırada dururdu.
“G20 saamitinin qarşısında duran ən əsas məsələ odur ki, dünyanın maliyyə bazarında vahid qaydalar tətbiq olunsun. Bu isə növbəti maliyyə böhranlarından qaçmaq məqsədi daşıyır. Bu əsas məsələdir. Lakin bu problem xeyli müzakirə olunsa da, həllini tapmayıb və yəqin hələ tapmayacaq da. Buna görə də, maliyyə böhranlarının artmasının səbəbləri sırasında “hər ölkədə bu problemi yoluna qoymaq üçün ayrı standartların tətbiqi” heç də sonuncu sırada durmur. Bu mənada düşünürəm ki, bu gün G20 saamitinin keçirilməsi 2008 və 2009-cu illərdən az əhəmiyyət kəsb eləmir. Baxmayaraq ki, o zaman böhran pik nöqtədə idi. Bu sammitdən isə elə də əhəmiyyətli qərarların gözlənilməsini doğru saymıram”. Bu fikirlər isə “Uralsib” maliyyə korporasiyasının rəhbəri Vladimir Tixomirova məxsusdur.
Qeyd edək ki, sammit iki gün davam edəcək. Bu gün işə başlayan G20 sammiti sabah da davam edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: