Fujifilm Azərbaycanın ərazilərini təhrif edib
22 Oktyabr 2010 Cümə 10:15
Fujifilm şirkətinin saytında Dağlıq Qarabağ ayrıca dövlət kimi göstərilib.
Yaponiyanın fotoqrafiya və təsvir sahəsində məşhur şirkətlərdən biri olan “Fujifilm”ə mənsub “MyFinePix.com” adlı internet saytında Azərbaycan Respublikasının ərazisi ilə bağlı məlumatlar təhrif edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat daxil olub.
Sözügedən saytın qeydiyyat bölməsində ölkələrin siyahısı ilə bağlı hissəsində Dağlıq Qarabağ (Nagorno Karabakh) adlı ölkənin daxil edilməsini müəyyən edən Azərbaycan səfirliyi məsələyə dərhal reaksiya verib. Məsələnin ciddiliyi, ölkəmiz üçün həssaslığı, xüsusilə də beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğunu qeyd edərək səfirlik yapon tərəfinin sorğusuna əsasən yazılı mövqe hazırlayaraq, lazımi xəritələr əlavə edərək qarşı tərəfə təqdim edib.
Səfirliyə verilən məlumatda, “Fujifilm” şirkətinin Böyük Britaniya nümayəndəliyi sözügedən saytın qurulması zamanı məlumatları müxtəlif mənbələrdən əldə etdiyi və məsələnin birbaşa Yaponiya Baş Qərargahına aidiyyatı olmadığı məlum olub. “Fujifilm” şirkəti səfirliyin müdaxiləsindən sonra təhrif olunmuş məlumatı düzəldib və səfirliyə bu barədə müvafiq məktub təqdim edilib.
Məlumat üçün bildirmək istəyirik ki, “MyFinePix.com” Fuji fotoaparatlarının və şəkillərin dizaynı üçün istifadə olunan proqramdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: