Fransanın Minsk qrupundakı təmsilçiliyi müzakirə oluna bilər
29 Dekabr 2011 Cümə Axşamı 22:27
Əli Həsənov: "Avropanın ictimai həyat normalarını müəyyən edən ölkədə düşüncə azadlığına görə insanları həbsə almaq orta əsr normalarına cavab verir".
"Fransanın Avropa institutlarında, ATƏT-də, ATƏT-in Minsk qrupunda iştirakı məsələsi ilə bağlı Türkiyə prezidenti Abdullah Gül təkliflə çıxış edib. Yəqin ki, Minsk qrupu toplananda bu məsələ müzakirə olunacaq". ANS PRESS-in “Trend”ə istinadən yaydığı məlumata görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Fransa parlamentinin "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsinin qəbul etməsinə münasibət bildirən Ə.Həsənov deyib ki, bu bəzi dairələrin ermənilərdən türklərə qarşı istifadə etmək vasitəsidir. Onun fikrincə, bu hadisə Avropanın hazırkı inkişafı fonunda nonsensdir.
"Avropanın mərkəzində, Avropanın ictimai həyat normalarını müəyyən edən ölkədə düşüncə azadlığına görə insanları həbsə almaq, cərimə etmək orta əsr normalarına cavab verir", - deyə PA rəsmisi vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: