Fransanın Azərbaycandakı səfiri ittihamlara cavab verib
25 Yanvar 2012 Çərşənbə 16:24
Qabriel Keller: Fransa bundan sonra da Minsk Qrupunda ədalətli, davamlı, beynəlxalq hüququn prinsiplərinə uyğun sülh sazişinə nail olmaq üçün konstruktiv və tamamilə obyektiv rol oynamağa davam edəcək.
Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın ötən il dekabrın 27-də və bu il yanvarın 23-də APA-ya verdiyi müsahibəsində səsləndirdiyi fikirlərə cavab verib. Səfir APA-ya təqdim etdiyi cavab açıqlamasında bildirib: “Əgər Fransa senatı tərəfindən 23 yanvar tarixində səsvermə yolu ilə qəbul edilmiş qanun bəzi türk, yaxud Azərbaycan vətəndaşlarını yaralayırsa, Fransanın hökumət orqanları buna təəssüf edir. Bu səsvermə ilə qəbul edilmiş qanunun ruhunu qətiyyən əks etdirmir. Yaddaş məsələləri hər zaman ağrılı mövzulardır, bu mövzular dünyada qızğın debatlara səbəb olur. Fransa da bu çətin təcrübəni yaşadı və qul alverində, İkinci Dünya müharibəsi zamanı Fransa yəhudilərinin kütləvi sürgünündə Fransa dövlətinin iştirakında və hətta müstəmləkə sistemində öz məsuliyyətini tanıdı”.

Səfir qeyd edib ki, Fransa Türkiyə və Azərbaycanla münasibətlərinə dəyər verir: “Bu münasibətlərə yeni təkan vermək üçün son aylarda Fransa çox çalışıb”.

Diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi kimi fəaliyyətini davam etdirmək niyyətində olduğunu da vurğulayıb: “Bu günədək olduğu kimi, bundan sonra da Fransa Minsk Qrupunda ədalətli, davamlı, beynəlxalq hüququn prinsiplərinə uyğun sülh sazişinə nail olmaq üçün konstruktiv və tamamilə obyektiv rol oynamağa davam edəcək”.

Q. Keller Türkiyə səfirinin Fransa parlamentinin üzvlərinin ünvanına səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Fransa parlamentarilərinin ünvanına deyilənlər böhtan xarakterli ittihamlar olduğuna görə, hesab edirəm ki, həmin sözlər Türkiyə kimi böyük ölkənin nümayəndəsinə layiq deyil. Sonda qeyd etmək istərdim ki, səfirin Fransada sülh və əmin-amanlığın pozulması riski barədə söylədikləri milli ictimaiyyətimizə tamamilə inteqrasiya etmiş Fransanın türk icması üçün də həqarətlidir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar