Fransa səfirliyinin qarşısında piket keçirilib
21 Yanvar 2012 Şənbə 19:44
Piketçilər Fransa senatında qondarma erməni soyqırımını tanıyanların cəzalandırılması haqqında qanunun qəbuluna etiraz ediblər.
Bu gün Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Fransa prezidenti Nikolya Sarkozinin şəkli yandırılıb.

Fransa senatında qondarma erməni soyqırımını tanıyanların cəzalandırılması haqqında qanunun müzakirəsinə etiraz olaraq, Fransa səfirliyinin qarşısında Beynəlxalq Diaspora Mərkəzinin təşəbbüsü ilə etiraz aksiyası keçirilib.

Aksiyada Vətən Müharibəsi Veteranlar Birliyi, Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin Azərbaycan Nümayəndəliyi və Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin üzvləri də iştirak edib. Aksiya iştirakçiları 107 il əvvəl baş vermiş tarixi hadisələrin siyasiləşdirilməsini Fransa parlamenti üçün yolverilməz adlandırıb. Onlar bu qanun layihəsinin qəbulunun yalnız Fransa-Türkiyə münasibətlərinə deyil, eyni zamanda Fransa-Azərbaycan münasibətlərinə də təsir edəcəyini deyib.

Aksiya iştirakçıları bildirib ki, dünyanın hətta diktatura rejimi mövcud olan ölkələrində belə, vətəndaşların fikir azadlığı pozulmadığı halda, dünyaya insan hüquqları və azadlıqlarından az qala dərs keçən Fransa parlamentinin bu qanun layihəsini qəbul etməsi biabırçılıqdır.

Aksiya iştirakçıları Fransa parlamentinə müraciətlərini səfirliyə təqdim etmək istəsələr də, onlara qapı açan olmadı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar