FHN: Zəlzələ bölgəsindəki ailələrə ərzaq və paltar paylanılıb
11 May 2012 Cümə 10:38
12 məntəqədə istirahəti təmin etmək üçün televizor və digər əşyalar olan iri çadırlar da qurulub.
Zəlzələ bölgəsində - Zaqatala, Balakən və Qax rayonlarında təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün çadırların (hər ailəyə 1 çadır) qurulması işi başa çatmaq üzrədir. ANS PRESS-in FHN-nin rəsmi saytına istinadla verdiyi məlumata görə, eyni zamanda, 12 məntəqədə zərərçəkmiş ailələrin istirahətini təmin etmək məqsədilə içərisində televizor və istirahət üçün nəzərdə tutulmuş digər əşyalar olan iri çadırlar qurulub.

Evləri zərər çəkmiş ailələrə ərzaq və paltar paylanıb (hər ailəyə un, yağ, qənd, çay, habelə uşaq, qadın və kişi geyimləri, uşaq bezləri, diş pastası, diş fırçası, sabun və digər yuyucu vasitələr). Suya ehtiyacı olan yerlər Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı avtomobilləri ilə içməli su ilə təmin edilir.

Həmçinin bölgədə nazirliyin tikinti sahəsi üzrə mütəxəssisləri, yerli icra hakimiyyəti orqanlarının və rayon maliyyə şöbələrinin nümayəndələrindən ibarət komissiyalar yaşayış və sosial obyektlərin vəziyyətini müəyyən etmək üçün işlərini davam etdirirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar