Fərhad Əliyev və Əli İnsanov prezident tərəfindən da əfv olunmalıdırlar
14 Dekabr 2011 Çərşənbə 15:24
Bu gün hüququ müdafiəçiləri Səidə Qocamanlı və Səadət Bənənyarlı mətbuat konfransı keçiriblər.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən S. Qocamanlı ömürlük məhbusların bəzilərinin cəzasının 15 illik cəza növü ilə dəyişdirilməsinin vacib olduğunu deyib: “Onların aralarında xəstələr, xüsusi təyinatlı polis dəstəsinin üzvü olmuş məhbuslar var. Özünü yaxşı aparan, qanun pozuntusuna yol verməyən və islah olunan ömürlük məhbusların cəzasının dəyişdirilməsi yaxşı nümunə ola bilər”.

Hüquq müdafiəçisi qeyd edib ki, 2011-ci ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət o qədər də ürək açan olmayıb: ““Müsavat Partiyasının fəalı Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, İctimai Palatanın aksiyalarında iştirak edənlər, hüquq müdafiəçisi Vidadi İsgəndərli tutuldu. Həmin insanların adı “Amnesty İnternational” təşkilatının “vicdan məhbusu” siyahısında daxil edilib. Əvvəllər bir nəfər həmin təşkilatın siyahısına düşəndə təəccüblənirdik. Bu gün bizim siyasi məhbus siyahımızda 27 nəfərin adı var. Hesab edirik ki, onlar azadlığa buraxılmalıdırlar”.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı növbəti əfv fərmanının imzalanması üçün prezident İlham Əliyevə müraciət etdiklərini deyib: “Bizdən əlavə, Ombudsman Elmira Süleymanova da prezidentə müraciət edib. Ümid edirik ki, onun təqdim etdiyi siyahıda İctimai Palatanın aksiyaları zamanı saxlanılan şəxslərin də adları var. Hesab edirik ki, Fərhad Əliyev və Əli İnsanov da prezident tərəfindən əfv olunmalıdırlar”.

S. Bənənyarlı 2011-ci ildə onlara daxil olan şikayətlərin 70 faizinin mülkiyyət hüququ ilə bağlı olduğunu bildirib: ““Gen” MMC, “Mur-Ay” MMC, “Azərtikinti-ATF” MMC ilə bağlı müraciətlər daxil olur. Bütün bunlarla yanaşı, sosial hüquqlar sahəsində də problemlər var. Minimum əmək haqqı qaldırılan kimi, qiymətlər də qalxır. Bu da əhalinin haqlı narazılığına səbəb olur”.

S. Bənənyarlı narkotik vasitələrdən asılılığı olan şəxslərin müalicə müəssisələrinə göndərilməsi ilə bağlı təkliflər hazırladıqlarını bildirib: “Həmin şəxslər müalicə olunmalıdırlar. Onların həbsdə saxlanılması problemi daha da artırır. Həmin şəxslər həbsdə cinayətkarlarla birlikdə saxlanırlar. Bu da hüquq pozuntusu hesab olunmalıdır. Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində saxlanılanların 70 faizi narkotikdən istifadə etdiklərinə görə tutulanlardır”.

O, orduda ictimai nəzarət gücləndirilməsinin vacibliyini də bildirib: “Əsgərlərin vəziyyəti yaxşılaşdırılmalıdır. Həmçinin Vəkillər Kollegiyasından bir neçə vəkilin çıxarılması bizi narahat edən məslədir. Hesab edirik ki, ölkədə hüquq sahəsində koordinal dəyişikliklər edilməlidir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar