Fərhad Bədəlbəyli beynəlxalq təşkilatları kəskin tənqid edib
07 İyul 2012 Şənbə 14:42
ATƏT-in baş katibi və həmsədrlər Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşməyəcək. Fərhad Bədəlbəyli: Bu tipli görüşlər onsuz da heç bir nəticə vermir, mənim heç kimə inamım yoxdur.
Sabah Azərbaycana səfər edəcək ATƏT-in baş katibi Lamberto Zanyerinin “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi ilə görüşü nəzərdə tutulmayıb. Bu barədə APA-ya açıqlamasında İctimai Birliyin İdarə Heyətinin üzvü, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bildirib.

F. Bədəlbəylinin sözlərinə görə, iyulun 10-da Bakıya gələcək ATƏT-in Minsk qruou həmsədrlərinin də icma üzvləri ilə görüşü gözlənilmir. Bu tipli görüşlərin onsuz da heç bir nəticə vermədiyini vurğulayan F. Bədəlbəyli avropalılara heç bir ümidinin olmadığını fikirlərinə əlavə edib: “Mənim avropalılara heç ümidim yoxdur. Cənub qonşumuzla məsələ aydındır, şimal qonşumuza da inanmağa dəyməz. Ümumiyyətlə, heç kimə inanmıram. Azərbaycanın taleyini yalnız özümüz həll edə bilərik. Ordu daha güclü olmalı, problemi yalnız və yalnız özümüz etməliyik. Heç kimə ümid bəsləmək mümkün deyil, heç kimə inanmıram. Həmsədrlərlə görüş zamanı onlar bizə gülürlər. Heç olmasa, Avropa Birliyi, Avropa Parlamentində icmaların görüşünü təşkil etsinlər. Bunu da etmirlər. Onda niyə gəlirlər?”

F. Bədəlbəyli bu həftə Azərbaycanda səfərdə olmuş Avropa Birliyinin prezidenti Herman van Rompeyi də tənqid edib: “Onun çıxışı məni dəli elədi. “Ərazi bütövlüyünün pozulmasına təəssüflənirik” ifadəsini ümumiyyətlə başa düşmədim. Bu nə sözdür, necə yanı təəssüflənirik? Bunların hərəkətlərini heç cür anlamıram”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar