Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi törətməkdə təqsirli bilinən Fərda Əsəd oğlu Qədirovun Bakıda kirayədə qaldığı mənzilin sahibi də Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndindəndir.
Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən bildirilib. 26-27 yaşlı Arif Kabulovun hazırda Daştəpə kəndində olduğu, Azərbaycanla Gürcüstan arasında işləyən avtobusda sürücü köməkçisi işlədiyi bildirilib.
F. Qədirovun vaxtilə kirayədə yaşadığı Çobanzadə küçəsi, ev 65, 45 saylı mənzilin qapısı hazırda plomblanıb. Məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının evdə apardıqları axtarış zamanı şübhəli heç nə tapılmayıb. F. Qədirov 1 ay əvvəl həmin evə köçüb, son bir həftədə isə evə gəlməyib.
Qonşular APA-nın əməkdaşına F. Qədirovun sakit adam olduğunu deyiblər.
Polisdən o da bildirilib ki, hazırda hüquq-mühafizə orqanları A. Kabulovu axtarırlar.
APA