Fərda Qədirov terror aktını metroda törətmək istəyirmiş
03 İyul 2009 Cümə 13:35
Bakı metrosunun kameralarında Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın etmiş Fərda Qədirovun görüntüləri aşkarlanıb.
APA-nın məlumatına görə, Bakı Metropolitenin rəisi Tağı Əhmədov bildirib ki, F. Qədirovin Neft Akademiyasında məlum hadisəni törətməzdən əvvəlki iki gün ərzində metroda şübhəli hərəkətləri kameralar vasitəsilə qeydə alınıb.

T. Əhmədov məhz bu görüntülərə əsasən hesab edir ki, F. Qədirov terror hadisəsini metroda da həyata keçirə bilərmiş: «Yəqin ki, onun belə bir niyyəti olub. Çox güman ki, burada polis işçiləri və kameraların nəzarəti nəticəsində tezliklə zərərsizləşdiriləciyini nəzərə alaraq, bunu məhz təhlükəsizlik baxımından zəif olan Dövlət Neft Akademiyasında törədib».

T. Əhmədovun sözlərinə görə, hadisədən sonra cinayətkarın cibindən tapılan metro kartı vasitəsilə onun hansı stansiyaya girib-çıxdığı aydınlaşıb.

T. Əhmədov qeyd edib ki, metropolitenin kameralarının videoyazıları əvvəllər 10 gün saxlanılırdısa, hazırda daha uzun müddət saxlanır və hər hansı fövqəladə hal baş verdikdə, onun izlərini müəyyənləşdirmək mümkün olur. Gələcəkdə isə təhlükəsizlik kameralarının artıq vaqonların daxilində də quraşdırılması planlaşdırılır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar