Fələstinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olub
29 İyun 2011 Çərşənbə 17:56
Fələstinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olub. Mahmud Abbasın Bakıya səfəri başa çatıb.


Bakı – APA. İyunun 29-da Bakıda Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olub. APA-nın məlumatına görə, mərasimdə Azərbaycanda rəsmi səfərdə olan Fələstin prezidenti Mahmud Abbas da iştirak edib. Fələstin Dövlətinin başçısı səfirliyin rəmzi açılışını bildirən lenti kəsib.

M. Abbas səfirliyin əməkdaşları ilə görüşüb. Səfirlikdə yaradılmış şəraitlə tanış olan ali qonağa məlumat verilib ki, diplomatik nümayəndəlik beş inzibati və bir neçə yardımçı otaqdan ibarətdir. Səfirlikdə ümumilikdə yeddi əməkdaş çalışır və onlar üçün lazımi iş şəraiti yaradılıb.

Baş nazirin müavini Elçin Əfəndiyev Fələstinin Azərbaycanda səfirliyinin açılmasını xalqlar arasında dostluq və əməkdaşlığın daha da inkişafına şərait yaradacağını bildirib. E. Əfəndiyev vurğulayıb ki, dövlətlər arasında münasibətlərin indiki mərhələsi ikitərəfli əlaqələrin inkişafı üçün lazımi imkanlar yaradır: “Azərbaycanla Fələstin arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Gələcəkdə ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açılır”.

M. Abbas Bakıda Fələstin səfirliyi üçün binanın verilməsinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, məhz bu amilin ölkələr arasında mövcud əlaqələrin inkişafının daha bir göstəricisi olduğunu vurğulayıb.

Azərbaycana ilk səfərindən məmnun qaldığını bildirən ali qonaq Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib. Xalqlar arasında qədim tarixi əlaqələrin mövcudluğundan danışan M. Abbas Azərbaycanla Fələstin arasında bir çox sahədə yeni əməkdaşlıq imkanlarının olduğunu qeyd edib. O, gələcəkdə sosial-iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Bununla da, Fələstin prezidentinin Azərbaycana rəsmi səfəri iyunun 29-da başa çatıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda M. Abbası baş nazirin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər yola salıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar