Fələstin Prezidenti Mahmud Abbas Heydər Əliyev Fondunda olub
29 İyun 2011 Çərşənbə 14:40
Fondun prezidenti Mehriban Əliyeva Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas a xatirə hədiyyəsi təqdim edib.
Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas iyunun 29-da Heydər Əliyev Fondunda olub. Fələstin Dövlətinin başçısını prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar. Onlar ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat veriblər.
Bildirilib ki, fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Prezident Mahmud Abbas ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.
Fondla tanışlıq zamanı Fələstin Dövlətinin Prezidentinə məlumat verilib ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Mahmud Abbas Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Fələstin Dövlətinin Prezidentinə xatirə hədiyyəsi və Fondun fəaliyyətindən bəhs edən kitab təqdim edib. Ali qonaq Fonddan zəngin təəssüratla ayrılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: