Fala baxmaq böyük günahdır
15 Noyabr 2009 Bazar 12:05
İslama görə Fala baxmaq böyük günahdır. Sualları "Karvan" jurnalı cavablandırır
Falçı, tez ol, söylə mənim falımı
Dəyiş bəxtimi, dəyiş alınyazımı…
Bakı şəhərindən Eliza Osmanova:
25 yaşım var. Anam məni bir falçı yanına aparır. Məqsədi məni tez ərə verməkdir. Deyir, sənin bəxtini bağlayıblar. Belə şeylərə inanmıram, ancaq anam məni inandırmağa çalışır ki, həmin qadın Quranla fala baxır. İslama görə, falçı yanına getmək olarmı? Quranla fala baxmaq olar?
Cavab:
İslama görə, fala baxmaq böyük günahlardan olduğu kimi, fala baxdırmaq və falçı yanına getmək də böyük günahlardan hesab edilir. Əslində, Quranla fala baxmaq və kiminsə taleyini söyləmək mümkün deyil. Çünki Quranda heç kəsin şəxsi işləri barədə deyil, İslamın qanunlarından söz açılır. Quranla fala baxmaq iddiası ilə çıxış edən falçılar bizim öz dinimizdən məlumatsızlığımızdan sui-istifadə edərək, bu cür işlər görürlər. Əgər biz Müqəddəs Kitabımız olan Quranla tanış olsaq, təbii ki, həm falçılar bizi aldada bilməzlər, həm də Allah-Təala bizləri xətadan-bəladan qoruyar. Odur ki bəxt bağlamaq barədə sizə deyilənlər əsassızdır.
Gəncədən Təranə Paşayeva:
Qonşum fala baxır. Mənə gələcəyim barədə bir neçə şey deyib. Və zaman keçdikcə həqiqətən də onun dedikləri başıma gəlir. Deyirlər, falçılar fırıldaqçıdırlar, onlara inanmaq olmaz və s. Bəs onların dedikləri necə düz çıxır?
Cavab:
Heç bir falçı gələcəyi bilmir. Sadəcə, adətən, bu işlə məşğul olan insanlar bir az «zirəng» olurlar və insanlar barəsində ümumi ifadələr işlətməklə onları aldadırlar. Məsələn, sizə deyirlər ki, «2 aydan sonra xoş xəbər eşidəcəksiniz». Siz də 2 aydan sonra hansısa bir xoş xəbər eşidən kimi, falçının ondan xəbərdar olduğunu düşünürsünüz. Eynilə, həmin qonşunuz Sizə dediyi kimi, yüzlərlə digər şəxsə də «xoş xəbər» vəd edib və onlar həmin xəbəri heç eşitməyiblər də. Digər tərəfdən, bir çox hallarda falçının əsassız dediyi şeyləri bizlər özümüz gerçəkləşdiririk. Belə ki, misalda deyilən xoş xəbəri gözlədiyimiz üçün o istiqamətdə çalışır, ətrafımızda baş verən hadisələr içərisində xoş bir müjdə gözləyirik. Ətrafımızda isə nə çox xoş hadisə baş verir. Bu minvalla, baş verən belə bir xoş hadisəni dərhal falçının vəd etdiyi xəbər kimi yozuruq. Falçılar isə əgər doğrudan da bir şey bilsəydilər, ilk növbədə, özləri üçün bir çarə qılardılar. Necə deyərlər, «keçəl çarə bilsəydi, öz başına qılardı!».
Mərdəkan qəsəbəsindən Həsən Məmmədov:
Deyirlər, filankəsə vergi verilib, insanların gələcəyindən xəbər verir. Vergi deyilən şey nədir? Hansı insana vergi verilə bilər? Ümumiyyətlə, «vergi verilmək» məsələsi düzdürmü?
Cavab:
Əslində, hər bir insana «vergi» verilib desək, yanılmarıq. Allah bizləri bir qətrədən var edib, insana həyat verib, göz, qulaq, əl, ayaq, ağıl verib, bu qədər bacarıq verib… İndi, bu bacarıqlar birində bir qədər az, birində bir qədər çox ola bilər. Siz nəzərdə tutduğunuz mənada isə, əslində, heç kəsə «vergi» verilmir! Ümumiyyətlə, bu vergi verilməsi məsələsi, belə görünür ki, İslam dünyasında ancaq Azərbaycana məxsus fenomendir. Diqqətlə araşdırdıqda şahidi oluruq ki, vergi verilməsi iddiası insanları aldadaraq pul qazanmaq üçün işlədilən bir fənd, bir üsuldur. Bəzi hallarda isə, ruhi problemlərdən irəli gələrək, kimlərsə özlərini «vergili» qələmə verir. Bu kimi halların heç bir dini və ya elmi əsası yoxdur.
Bakı şəhərindən Lalə Fərəcova:
Çoxları deyir ki, mənə cadu ediblər, ona görə özümü pis hiss edirəm, ona görə ailəm dağılır və s. Heç buna inana bilmirəm. Din bu məsələyə necə baxır? Doğrudanmı, insana cadu etməklə onun həyatını dəyişmək mümkündür?
Cavab:
Əslində, cadu deyilən bir şey var. Lakin onun özü bir elmdir və Azərbaycan reallığında nəinki ərəb dilində, heç latın qrafikası ilə adını düzgün yaza bilməyən cadugərlərin bu elmdən baş çıxarması bir o qədər də inandırıcı deyil. Digər tərəfdən, cadu etmək də, elətdirmək də dinimizdə haram əməllərdən sayılır. Hər halda, əgər biz yeganə qüdrət sahibi olan Allaha sığınsaq, Ondan bərk yapışsaq, Ona sadiq bəndə olsaq, heç şübhəsiz, hətta kimsə həqiqətən bizə qarşı cadu etdirmiş olsa belə, onun əsla təsiri olmaz! Allahın sadiq bəndələrinə heç bir cadu zərrə qədər də təsir edə bilmir.
Bakı şəhərindən Vüsalə Səmədova:
Əgər insan öz ailəsinin xoşbəxtliyini təmin etmək məqsədilə kiməsə cadu etdirir, məsələn, qadın öz həyat yoldaşına cadu etdirir ki, onu ailəsinə, özünə daha yaxın bağlasın, bəs belə olduqda, cadu etdirmək olarmı?
Cavab:
Xeyr, cadu bütün hallar üçün haramdır. Qadının öz həyat yoldaşına qarşı istifadə etməli olduğu cadu hansısa fırıldaqçının yalandan elədiyi cızmaqara deyil, ailədə yaradılan xoş münasibət, mehribanlıq, gözəl davranış olmalıdır. Əgər qadın bu kimi «cadu»lardan istifadə etsə, həyat yoldaşı ona bağlanar. Əgər məhəbbət, mehribanlıq, gözəl münasibət və s. olmasa, hətta cadu etdirmiş olsa belə, istədiyi nəticəni əldə edə bilməyəcəkdir. Problemlərdən çıxış yolları cadu-pitidə deyil, ağıl və məntiq, eləcə də saf mənəviyyat, ilahi gözəlliklərdə aranmalıdır.
Sumqayıtdan Elmira Vəlizadə:
Valideynlərim qabaqlarından qara pişik keçəndə yollarını dəyişib, başqa yerdən gedirlər, deyirlər, işimiz pis gətirəcək. Anam axşamlar dırnaqlarımı tutmağa razı olmur, deyir, dinimizdə bu günahdır. Bu doğrudurmu?
Cavab:
Qara pişik barədə olan inanclar, əslində, xurafatdan başqa bir şey deyil və onun heç bir dini və elmi əsası yoxdur. Belə şeylərə inanmaq, əslində, günah hesab edilir. Dırnağın axşam tutulması isə dinimizdə əsla günah deyil. Dinimizdə belə bir qadağa yoxdur. Sadəcə, bir sıra rəvayətlərdə qaranlıq vaxtı dırnaq tutmağın bəyənilməyən iş olduğu bildirilir. Bunu da axşamçağı dırnaq tutularkən kəsilmiş dırnağın istifadə edilən qab-qacaq və ya qida məhsullarının içinə düşmə ehtimalı, həmin düşən dırnağın gözlə görünməməsi ilə izah etmək mümkündür. Ümumilikdə, dinimiz hər cür xurafat və mövhumatçılığı rədd edir və bütün gözəl qayda-qanunlarıyla cahilliyin əlaməti olan xurafatçılığa qarşı mübarizə ararır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: