Fahişelerin derdi nedir?
01 Oktyabr 2013 Çərşənbə Axşamı 18:07
Əxlaqsızlığın aradan qaldırılması üçün başlıca amil psixi gərginliyin aradan qaldırılmasıdır
Bakıda mənzilində fahişəxana təşkil edən Masallı sakini Ləman Məmmədova polisin keçirdiyi əməliyyat zamanı tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ləmanın əməlindən xəbər tutan İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları xəbərin doğruluğunu yoxlamaq üçün əməliyyat keçirib. Əməliyyat zamanı məlumat öz təsdiqini tapıb və Ləman Məmmədovanın həqiqətən də evdə bir neçə qadınla əxlaqsız xidmətlər təklif etdiyi məlum olub. Keçirlən əməliyyat zamanı Ləman Məmmədova və bir neçə qız mənzildə seks xidmətləri təklif edərkən yaxalanıb.

Kişilərə “qida” verən Ləman polisə ifadəsində tutduğu əməldən peşman olduğunu bildirib. O, bu yola imkansızlıq üzündən düşdüyünü deyib. Əslində bu təkcə Ləman Məmmədovanın deyil, yaxalanan bütün əxlaqsızlıqla məşğul olan qadınların ifadəsidir.

Bununsa kökündə sosial məsələlərdən yaranan psixoloji problemlər durur. Bu barədə Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev ANS PRESS-ə açıqlamasında bildirib.

Bəzən fahişəlik qadının psixologiyasında vərdişlik halına çevrilir. Əxlaqsız qadınlarla söhbət zamanı çoxu bu ifadəni işlədir: “Bəzən çoxu deyir ki, bir müddət işləyim, pul qazanım, sonra bu yoldan çəkinərəm. Lakin sonradan onlar bu yoldan qayıda bilmirlər. Buna nə bizim cəmiyyətdə şərait olur, nə də, onların vərdişlik halı buna imkan verir”, - deyə D.Rzayev bildirib.

Psixoloqun fikrincə kasıblıq, imkansızlıq və digər problemlər əxlaqsızlığa yalnız təhrik edə bilər. Lakin qadının fahişə olması üçün onun psixoloji drumunda problemlər olur. Ekspertin fikrincə, burada əsas məsələ sosial durumu yaxşılaşdırmaqdır.

“Sosial xidmətləri gücləndirmək lazımdır. Sahə rəisləri belə qadınları daim nəzarətdə saxlamalıdır. Onlara təzyiqlər də edilməməlidir. Barlarda da xüsusi nəzarət yaradılmalıdır. Əvvəli əxlaqsız olan qadının düz yola qayıtması üçün cəhdlər olunmalıdır. Onlara psixoloji təlimlər keçirilməlidir”, - deyə D.Rzayev bildirb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatırı, psixi sağlamlıq məsələləri üzrə Milli Koordinator və Azərbaycan Tibb Universitetinin "psixiatriyya kafedra"sının müdiri Gəray Gəraybəyli də məsələyə münasibət bildirərkən, problemin kökündə psixoloji amillərin dayandığını bildirib. Baş psixiatırın fikrincə, əxlaqsız qadının normal cəmiyyətə qayıtması mümkündür. Lakin bunun üçün insanın öz istəyi lazımdır.

Burada təkcə qadının istəyi deyil, həm onun psixoloji drumu, həm də, cəmiyyətdə mövcud vəziyyət normal olmalıdır. Necə ki, 5 il fahişəliklə məşğul olan Nərminə adlı qadın buna nail ola bilməyib.

Qeyd edək ki, 27 yaşlı Nərminə Məmmədova Bakıda barların birində intim xidməti göstərir. 5 il bundan əvvəl həmin bara masajçı kimi gələn Nərminə ilk vaxtlar lap çox qazanırmış. Həm cavanlığı, həm də təravəti onun müştərilərinin sayını günü-gündən artırıb. Sonralar Nərminə bu işdən iyrənməyə başlayıb. Lakin buradan ayrıla da bilməyib.

“Axı nə edim. Əvvəlki kimi gözəl də deyiləm. Bir dəfə halal qazanc üçün ofislərin birinə getdim. Orada rəhbərlikdə çalışan kişi mənim müştərim çıxdı. İndi özünüz fikirləşin də, mən nə günə düşdüm. Bu işdən ayda 3 min manatdan çox qazanıram. Amma nə pulun bərəkəti olur, nə həyatımın mənası. Qazancımın çoxunu dərmanlara verirəm. Düşünürəm ki, bir gün kiminsə yatağında, yaxud da küçədə öləcəyəm”, - deyə Nərminə Məmmədova bildirib.

Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinn sədri Mehriban Zeynalova ANS PRESS-ə açıqlama verərkən problemin kökündə cəmiyyət qınağının durduğunu deyib. Ekspertin fikrincə, qadınların çoxu uğursuz erkən nigahlar, ailədaxili münaqişələr, yaxud, savadsızlıq nəticəsində insan alveri qurbanlarına çevrilir.

“Kor-koranə hərəkətlər, daha çox pul qazanmaq istəyi və digər məsələlər qadınları bilmədən qurbana çevirir. Sonradan isə bundan yaxa qurtara bilmirlər. Cəmiyyətdəki ictimai qınaqlar sonradan əxlaqsızlıqla məşğul olan qadını düz yola qaytarmaqdan çəkindirir. Qadın ətrafının ondan qorxduğunu, iyrəndiyini düşünür”, - deyə M.Zeynalova bildirib.

Onun fikrincə əsas çıxış yolu xüsusi kursların yaradılması, reabilitasiya mərkəzlərinin açılması, belə qurbanlara yardım olunmasındadır. Lakin çox nadir hallarda buna əməl olunur.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən isə bildiriblər ki, əsas məsələ tərbiyəvi məlumatlandırmadadır: “Bəzən rekert jurnalistlərin səyi nəticəsində ölkədə əxlaqsızlıq yuvalarının çoxaldığı fikri yayılır. Onlar elə təəssürat yaradırlar ki, guya ətraf fahişəxanalarla doludur. Əslində isə bu belə deyil. Hər bir zamanda əxlaqsızlıqla mübarizə olub. Sadəcə indi görülən işlər mətbuata çıxarılır. Bu səbəbdən də, belə halların çoxaldığı fikri yayılır. Burada əsas məsələ insanları maarifləndirməkdir. Vətəndaşın özü də problemin həllində hüquq-mühafizə orqanı ilə birlikdə mübarizə aparmalıdır”.

Bu problemin həlli istiqamətində atılacaq addımlardan biri də mövcud qanunların sərtləşdirilməsidir. Bu barədə “Polisə Dəstək” İctimai Birliyinin sədri, istefada olan polis polkovniki Şəmsəddin Əliyev ANS PRESS-ə açıqlamasında bildirib. Ekspert qanunla fahişəlik və əxlaqsızlıq hallarının aşkarlanması barədə nəzərdə tutulan cərimələr və cəzaların bir az sərtləşdirilməsini təklif edir.

“Gərək Cinayət Məcəlləsinə “əxlaqsızlıq yuvaları saxlama, həm də əxlaqsızlıqla məşğul olma” müddəları da əlavə olunsun. Məsələn, kifayət qədər yetkin olan qadın özünü satmaq istəyir. İnzibati Xətalar Məcəlləsində bu yalnız xəta kimi qəbul olunur. Belə hallarda yalnız şəxs cərimə olunur. Lakin Cinayət Məcəlləsində bu hal özünü göstərmir. Düşünürəm ki, Cinayət Məcəlləsində bu özünü əks etdirməlidir”, - deyə Şəmsəddin Əliyev bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar