Eurovision birinci yarımfinal qaliblərinin təəssüratları
23 May 2012 Çərşənbə 04:26
Finala vəsiqə qazanan 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirib.
"Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatdı və bu mərhələdə iştirak edən 18 ölkədən 10-u finala vəsiqə qazandı. ANS PRESS-in məlumatına görə, finala vəsiqə qazanan 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirib.
***
“Biz indi qələbəmizi qeyd etməyə deyil, yatmağa gedəcəyik”. Bunu Macarıstan təmsilçisi olan "Compact Disco" qrupunun iştirakçıları ("Sound Of Our Hearts") yarımfinaldan sonra keçirilən mətbuat konfransında deyib. Qrup üzvləri bildirib ki, müsabiqə ilə bağlı hər şey peşəkar hazırlanıb.
"Hamıya minəttarıq. İlk mərhələni yerinə yetirib finala vəsiqə qazandıq. Bura gəlmişiksə, sözsüz ki, finalda da qalib gəlmək niyyətimiz var", - Macarıstan təmsilçiləri deyib.
"Compact Disco" qrupu finalda 2-ci yerdə çıxış edəcək.
***
Albaniya təmsilçisi Rona Nişliu "Suus" adlı mahnısını Albaniyada qəzada ölənlərə ithaf edib. Bunu Albaniyanı təmsilçisi yarımfinaldan sonra keçirilən mətbuat konfransında deyib. O, bütün karyerası ərzində həmişə inandığı hərəkətləri etdiyini deyib. Onun sözlərinə görə, bura da məhz 57-ci "Eurovision" müsabiqəsində qələbə qazanacağına inandığı üçün gəlib.
Albaniya finalda 3-cü yerdə çıxış edəcək.
***
“Finalda hansı uğura imza atacağımızı hələ bilmirik”. Bunu Rusiyanın "Buranovskiye babuşki" qrupunun üzvləri deyib. Onlar qrupa dəstək verənlərə, onların ifasına səs verənlərə təşəkkür etdiklərini deyiblər.
Qrup final mərhələsində 6-cı yerdə çıxış edəcək.
***
İslandiyanın "Mundu Eftir Mér" qrupu (Qreta Salome & Yonsi) hələlik "Eurovision"da növbəti dəfə iştirak planlarının olmadığını bildirib. Bunu qrup üzləri yarımfinaldan sonra keçirilən mətbuat konfransında deyib. Onlar ifa etdikləri mahnının insanlar tərəfindən sevildiyi üçün təşəkkür ediblər.
"Bu mahnı şən deyil, amma heç bədbin də deyil. Mahnımız sevgi və ümiddən bəhs edir. Buna görə də insanlar onu sevir", - qrup üzvləri bildirib.
"Mundu Eftir Mér" qrupu finalda 7-ci yerdə çıxış edəcək.
***
Müsabiqənin çox möhtəşən olduğunu deyən Kipr təmsilçisi İvi Adamou ona səs verən hər bir kəsə təşəkkürünü bildirib. "Mən bu müsabiqədə iştirak etməyimin sevincini yaşayıram və finala vəsiqə qazandığım üçün çox həyəcanlıyam".
Kipr təmsilçisi müsabiqənin finalında 8-ci yerdə çıxış edəcək.
***
"Hər şey yaxşı oldu. Finala hazırlaşırıq. Yüksək performans olacaq. Finala çıxdığımız üçün çox sevinirik. Bu sevinci "EuroClub"da qeyd edəcəyik". Bunu Rumıniyanın "Eurovision 2012" təmsilçisi "Mandinga" qrupunun üzvü deyib.
Püşkatmanın nəticəsinə əsasən, "Mandinga" qrupu finalda 14-cü yerdə çıxış edəcək.
***
Çox gərgin olduğunu deyən Yunanıstan təmsilçisi Eleftheria ("Aphrodisiac") qazandığı uğura inana bilmir. "Düşünürdüm ki, finala qala bilmədik. Əlimizdən gələni etdik ki, finala çıxmaq şansını qazanaq. Bu qədər əziyyətin 3 dəqiqə olduğunu təsəvvür etmirdim".
Yunan təmsilçi final mərhələsində 16-cı yerdə çıxış edəcək.
***
İrlandiya təmsilçiləri isə çox həyəcanlı olduqlarını deyiblər. "Keçənilki müsabiqədə iştirakımızın bəyənildiyini dedilər. Ona görə də "Eurovision 2012"-də iştirak etdik. Həyəcanlı idik və hesab edirik ki, çıxışımız elə də uğurlu alınmadı. Ancaq finalda uğurlu çıxış edəcəyimizə inanırıq".
"Jedward" qurpunun üzvləri olan əkiz qardaşlar qeyd ediblər ki, bəlkə də ənənəvi saç düzümündə olmadıqlarına görə onları tanımayıblar.
"Jedward" qrupu finalda 23-cü yerdə çıxış edəcək.
***
Finala çıxdığı üçün çox sevindiyini deyən Danimarka təmsilçisi Soluna Samay ("Should've Known Better") finalın onlar üçün əhəmiyyətli olduğunu da qeyd edib. Danimarka finalda 15-ci yerdə cıxış edəcək.
***
"Bacardığımız qədər finalda yüksək yer tutacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Birinci yerə çıxmaq üçün yüksək şansımız var", - "Eurovision 2012"-nin finalına vəsiqə qazanan Moldova təmsilçisi Paşa Parfeni deyib.
Moldova təmsilçisi finalda 26-cı yerdə çıxış edəcək.
DOSTLARINLA PAYLAŞ: