Eurovision 2012"nin aparıcıları Almaniyaya gedəcək.
27 Aprel 2012 Cümə 17:52
Eldar, Leyla və Nərgiz növbəti treninqlərə hazırlaşır.
Azərbaycanın ev sahibliyi etdiyi Eurovision Mahnı Müsabiqəsi 2012-nin aparıcıları Leyla, Nərgiz və Eldar şouya hazırlıq müddətində Almaniyada treninq keçir. Eurovision.az saytı xəbər verir ki, aparıcılar artıq ötən həftələrdə Almaniyanın Köln şəhərində müvafiq treninqlərdə olub. Şou aparıcıları qarşıdakı müddətdə Almaniyaya növbəti treninqlərə hazırlaşır.
Bu gün isə "Eurovision 2012"nin aparıcıları İctimai Televiziyanın "Yeni gün" və ANS televiziyasının "Günə baxan" verilişlərində qonaq olub. Eldar aparıcılıq təcrübəsinin məhz Eurovision Mahnı Müsabiqəsindən başladığını deyib. "Eurovision səhnəsi mənə çox doğmadır. Bu səhnədə aparıcı qismində çıxış etmək böyük qürur hissidir", - deyən Eldar aparıcılıq müddətində tamaşaçılara pozitiv enerji ötürməyin vacib məqamlardan olduğunu bildirib.
17 yaşından ABŞ-da yaşayan Nərgiz Azərbaycanın Eurovision qələbəsini də oradan izləyib. "Eldar və Nigar qalib olduqda, mən qürur duydum. Düşündüm ki, Azərbaycanımızın ev sahibliyi etdiyi bu müsabiqədə mənim də bir qatqım olsun. Aparıcılıq heç də mənə yad deyil və çoxsaylı insanlar qarşısında çıxış etməkdə böyük təcrübəm var".
Leyla Eurovision Mahnı Müsabiqəsində aparıcılığın gözəl şans olduğunu bildirib. "Hazırda dayanmadan çalışırıq və bu layihədən başqa heç bir şey düşünmürük. Qısa müddətdə yaxın dost olmuşuq".
Qeyd edək ki, hazırda Eurovision Mahnı Müsabiqəsi 2012-nin aparıcılarının "Bakı Kristal Zalı" səhnəsindəki geyimi və şoudakı obrazı üzərində iş gedir.
DOSTLARINLA PAYLAŞ: