"EuroNews" Qarabağla bağlı süjeti nəhayət saytından çıxartdı
15 Yanvar 2010 Cümə 17:40
"EuroNews" kanalı Qarabağla bağlı təhriflərlə dolu süjet hazırlamışdı.
"EuroNews" televiziyası Qarabağla bağlı hazırladığı təhriflərlə dolu süjeti nəhayət saytından çıxarıb.
(http://www.euronews.net/2009/11/28/winds-of-change-in-nagorno-karabakh)
Xatırladaq ki, "Euronews" telekanalının əməkdaşları rəsmi Bakının icazəsi olmadan separatçı Dağlıq Qarabağa səfər edərək, Dağlıq Qarabağ münaqişəsi barədə birtərəfli reportaj hazırlamışdılar.
Videomaterialda bir neçə dəfə “DQR”in müstəqil olması ilə bağlı xatırlatma verilib. Hətta separatçı rejimin rəhbəri Bako Saakyan Dağlıq Qarabağın prezidenti kimi təqdim olunub.
Qeyd edək ki, dekabrın 11-də Fransanın Lion şəhərində “Euronews” telekanalının baş ofisinin qarşısında 50-ə yaxın azərbaycanlı bununla bağlı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları “Həqiqətə hörmət edin”, “Qarabağ Azərbaycan ərazisidir”, “Jurnalistika peşəkarlıq tələb edir” kimi şüarlar səsləndiriblər. Piketin sonunda nümayiş iştirakçılarından bir neçə nəfər “Euronews” rəhbərliyi ilə görüşə dəvət edilib.
Təxminən 1 saata yaxın davam edən görüşdə iştirak edən E.Məcidli bildirib ki, Azərbaycan nümayəndə heyətini telekanalın baş redaktoru Piter Barabas qəbul edib. Görüşdə P. Barabasa azərbaycanlıların haqlı etirazı çatdırılıb və telekanalda Dağlıq Qarabağla bağlı yayımlanan birtərəfli reportajda buraxılan səhvlərlə bağlı bəyanat təqdim edilib.
P. Barabas isə deyib ki, telekanal reportajın bu qədər etiraza səbəb olacağını düşünməyib. Ancaq bu günlər ərzində televiziyaya yüzlərlə etiraz məktubu daxil olub. P.Barabas qeyd edib ki, onlar Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərərçəkmiş azərbaycanlılarla bağlı da reportaj hazırlamaq qərarına gəliblər və yanvar ayında Bakıya gəlmək üçün Prezident Administrasiyasından icazə alıblar. P. Barabasın sözlərinə görə, onlar Bakıda məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: