Euronews kanalının Azərbaycan dilində yayımı üzərində iş gedir
17 Noyabr 2011 Cümə Axşamı 18:50
Euronews və İctimai Televiziya yaxın zamanlarda proqram mübadiləsi həyata keçirəcək.
“Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luigi Malesani və İcraedici Şuranın baş direktoru Maykl Piters İctimai Televiziya və Radio Yayımları Şirkətində olub. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən APA-ya verilən məlumata görə, şirkət əməkdaşları ilə keçirilən görüşdə İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov Azərbaycan ictimaiyyətinin artıq “Euronews" kanalı ilə əməkdaşlığın nəticələrinin şahidi olduğunu bildirib. İ. Ömərov prezident İlham Əliyevin “Euronews” kanalının Müşahidə Şurasının sədri və İcraedici Şuranın baş direktoru ilə danışıqlar zamanı bu telekanalla əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib. İki telekanal arasında bu ilin iyul ayında Parisdə müqavilə imzalandığını xatırladan İctimai Teleradionun baş direktoru artıq "Euronews"la birgə layihələr üzərində iş getdiyini bildirib.
Piter Luigi Malesani Müşahidə Şurasının son iclasında “Euronews” kanalının yayım dillərinin artırılması məsələsinin müzakirə olunduğunu və Şuranın bunun icrası ilə bağlı baş direktor Maykl Pitersə səlahiyyət verdiyini deyib: "Bununla bağlı müraciət edən ölkələr çoxdur, amma bu ölkələr arasında Azərbaycan prioritet sıradadır" - deyə P. L. Malesani bildirib. Malesani Avropanın Azərbaycan barədə daha çox məlumat əldə etməsində "Euronews" kanalının gözəl vasitə olduğunu qeyd edib. Yaxın zamanlarda isə "Euronews"un xəbər buraxılışlarının və bir neçə proqramın İctimai Televiziya vasitəsilə Azərbaycan dilində yayımına başlanılacaq. “Euronews” kanalının İcraedici Şurasının Baş direktoru Maykl Piters Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsinə hazırlıqları ilə bağlı həftəlik verilişin də yayımının nəzərdə tutulduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar