“Əsrin müqaviləsi” ölkəmizin uzunmüddətli inkişafını sürətləndirib”
16 Sentyabr 2009 Çərşənbə 00:20
Bakıda “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib
“Buta” sarayında “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək bildirib ki, 15 il bundan əvvəl müstəqil Azərbaycanın həyatında çox əlamətdar və son dərəcə həlledici hadisə baş verib. Müstəqilliyin ilk illərinin Azərbaycan üçün çox ağır keçdiyini xatırladan dövlət başçısı, “Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin qarşısında yeni imkanlar açdığını diqqətə çatdırıb: “Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vəziyyət sabitləşməyə başlamış, xoşagəlməz halların qarşısı alınmış və ölkəmiz uğurlu inkişaf yoluna qədəm qoymuşdur. “Əsrin müqaviləsi” ölkəmizin uzunmüddətli inkişafını sürətləndirib”.
İlk dəfə böyük transmilli konsorsiumun yaradıldığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, konsorsiuma daxil olan dünyanın nüfuzlu şirkətləri, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) uğurlu işbirliyinə başlayıb, Xəzər dənizi beynəlxalq əməkdaşlığa açılmışdır. Bundan başqa, müqavilə ilk dəfə Xəzərin karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasına imkan verib.
Sənədin çox böyük siyasi əhəmiyyəti olduğunu vurğulayan dövlət başçısı deyib ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycana böyük investisiya axını başlayıb. Bu investisiyalar Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına imkan yaradıb.
“Əsrin müqaviləsi” imzalanarkən Azərbaycanın milli maraqlarının tam təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, ölkəmiz bu müqavilənin həyata keçirilməsi ilə uğurlu inkişaf yoluna qədəm qoyub. Azərbaycanın müstəqil ölkə kimi dünya birliyinə inteqrasiyası böyük dərəcədə “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır.
Müqavilənin çox sürətlə həyata keçirildiyini xatırladan Prezident İlham Əliyev bildirib ki, dünya bazarlarına birbaşa çıxışı olmayan Azərbaycan neft-qaz kəmərlərinin tikintisini də uğurla həyata keçirib. Bakı-Tiflis-Ceyhan neft kəmərinin işə düşməsi ikinci tarixi hadisə olub: “Bu, təkcə Azərbaycan üçün deyil, eyni zamanda region ölkələri üçün də böyük əhəmiyyət daşıyır. Hazırda bu kəmərin əhəmiyyəti daha da artmış, Azərbaycan tranzit ölkəyə çevrilib”. Azərbaycanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu diqqətə çatdıran dövlət başçısı deyib ki, ölkəmizin enerji resursları dünya bazarına çoxşaxəli yollarla nəql edilir.
Bu il Azərbaycanda neft hasilatının 45 milyon tondan çox, qaz hasilatının 30 milyard kubmetrə yaxın olacağını diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, gələcəkdə bu rəqəmlər artacaq: “Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxıb, qlobal müstəviyə daxil olub. Azərbaycan neft-qaz ixrac edən etibarlı ölkə kimi dünya birliyi üçün daha önəmlidir. Biz enerji təhlükəsizliyi məsələlərində çox fəal iştirak edirik”.
Dövlət başçısı bildirib ki, Azərbaycan hazırda sürətli inkişaf dövrünü yaşayır: “Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan çoxdur. Son beş ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb, 2003-2008-ci illərdə ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə çoxalıb, 800 minə yaxın yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enib”.
“Əsrin müqaviləsi”nin Azərbaycan neft-qaz sektorunun inkişafına verdiyi töhfələrdən danışan
ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Daniel Ştayn Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun təbrik məktubunu oxuyub. Daniel Ştayn deyib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və nəql marşrutlarının həyata keçirilməsi ilə bağlı ideyaları dəstəkləyir.
Mərasimdə “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş filmin nümayişindən sonra incəsənət ustalarının ifasında konsert proqramı olub.
DOSTLARINLA PAYLAŞ: