Əsirlərimiz Ermənistanda qalmağa məcbur edilirlər
29 Aprel 2009 Çərşənbə 15:15
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları ilə birgə Ermənistanda əsirlikdə olan Azərbaycan ordusunun əsgəri Rafiq Həsənovun azad olunması istiqamətində tədbirləri davam etdirir”.
APA-nın məlumatına görə, bu sözləri Dövlət Komissiyanın katibi Şahin Sailov deyib. Onun sözlərinə görə, Ermənistan mətbuatında R. Həsənovun guya Azərbaycana qayıtmaq istəməməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: “Komissiya yaranandan müşahidə edirik ki, əsir vətəninə qayıtmaq istəmirsə, yaxın üç gün, uzağı on gün ərzində özü kütləvi informasiya vasitələrinə çıxıb məlumat verir. Lakin son il yarım ərzində biz görürük ki, bizim əsirlərimiz Ermənistan tərəfində uzun müddət saxlanılır. Bir neçə ay, bəzən yarım il keçəndən sonra haradasa - internet və ya qəzetlərdə yazılar çıxır ki, əsir Azərbaycana qayıtmaq istəmir. Beynəlxalq hüquq normalarına görə, insan istədiyi yerdə yaşamaq hüququna malikdir. İstər Azərbaycanda, istər Ermənistanda əsir düşmüş şəxs də bu hüquqdan məhrum edilmir. Lakin bu, sivil qaydada, beynəlxalq hüquq normalarına əsaslanmaqla edilməlidir. Bizim əsirlər isə uzun müddət keçəndən sonra belə sözləri söyləməyə vadar edilirlər. Artıq biz deyə bilərik ki, əsirlərimiz müxtəlif vasitələrlə Ermənistanda qalmağa məcbur edilirlər”.

Ş. Sailov bildirib ki, komissiyanın son məlumatına görə, R. Həsənovun səhhəti normaldır. Həm psixoloji, həm fiziki cəhətdən onun səhhətində heç bir problem yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar